Bakı Avrasiya Universiteti (BAAU) ilə Türkiyənin Ankara Yıldırım Beyazıt Universiteti (AYBU) arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, memorandum Ankarada keçirilən görüş çərçivəsində BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və AYBU-nun rektoru, Prof. Dr. Ali Cengiz Köseoğlu tərəfindən imzalanıb. Görüşdə BAAU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva da iştirak edib.
Görüş zamanı ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivləri, birgə elmi-tədqiqat fəaliyyətinin təşkili, akademik mobillik və beynəlxalq layihələrdə iştirak imkanları müzakirə olunub.
İmzalanmış memoranduma əsasən, tərəflər tələbə, akademik və inzibati heyətin mübadiləsi, birgə elmi tədqiqatların aparılması, elmi nəşrlərin və təcrübələrin paylaşılması, ortaq konfrans, seminar və simpoziumların təşkili istiqamətində əməkdaşlıq edəcəklər. Sənəddə, həmçinin birgə layihələrin hazırlanması, akademik heyət üçün təlimlərin keçirilməsi və tələbələrin təcrübə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
BAAU-nun rektoru, dosent Səyavuş Qasımov memorandumun imzalanmasını universitetlərarası əlaqələrin inkişafı baxımından mühüm addım kimi qiymətləndirib. O, əldə olunan razılaşmanın hər iki ali təhsil müəssisəsinin akademik potensialından səmərəli istifadəyə, birgə elmi təşəbbüslərin həyata keçirilməsinə və BAAU-nun Türkiyə universitetləri ilə əməkdaşlığının genişləndirilməsinə yeni imkanlar yaradacağına inamını ifadə edib.





Son xəbərlər
Son Xəbərlər