Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva Türkiyəyə səfərləri çərçivəsində Ankarada Qazi Universitetinin rektoru, professor Uğur Ünal ilə görüşüblər.
“Qafqazinfo” xəbər verir ki, görüş 12–13 oktyabr 2026-cı il tarixlərində Qazi Universitetinin ev sahibliyi etdiyi I Beynəlxalq Mikro-kvalifikasiyalar Konqresi çərçivəsində baş tutub.
Görüş zamanı Səyavuş Qasımov göstərilən səmimi qonaqpərvərliyə görə professor Uğur Ünala təşəkkürünü bildirib. O, Bakı Avrasiya Universitetinin fəaliyyəti, təhsil imkanları, beynəlxalq əlaqələri və strateji inkişaf istiqamətləri haqqında məlumat verib.
Tərəflər iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın qurulması və inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə mikro-kvalifikasiyalar (micro-credentials) və ömürboyu təhsil (lifelong learning) sahələrində birgə proqramların hazırlanması və həyata keçirilməsi məsələlərinə diqqət yetirilib.
Müzakirələr zamanı müasir əmək bazarının dəyişən tələblərinə uyğun yeni təhsil imkanlarının yaradılması, peşəkar bacarıqların davamlı inkişafının dəstəklənməsi və universitetlərdə ənənəvi ali təhsil proqramları ilə yanaşı, daha çevik təhsil modellərinin tətbiqinin əhəmiyyəti ön plana çıxıb.
Qeyd olunub ki, mikro-kvalifikasiyalar və ömürboyu təhsil müasir ali təhsilin inkişafında mühüm istiqamətlərdəndir. Bu sahədə universitetlərarası əməkdaşlıq qısamüddətli təhsil modullarının, ixtisasartırma və peşəkar inkişaf proqramlarının, eləcə də müxtəlif hədəf qrupları üçün yeni təlim imkanlarının yaradılmasına şərait aça bilər.
Bakı Avrasiya Universiteti ilə Qazi Universiteti arasında bu istiqamətdə əməkdaşlığın qurulması hər iki ali təhsil müəssisəsinin akademik potensialının inkişafı və qarşılıqlı akademik əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Görüşdə müzakirə olunan istiqamətlər üzrə gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və birgə təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər
Son Xəbərlər