Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb”

baki-metropoliteninden-bloqerin-sikayetine-cavab
Oxunma sayı: 1101

Bloqer Afət Abdullayeva “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən kəskin narazılığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, o sosial şəbəkə hesabında paylaşım edərək ictimai nəqliyyatda ciddi problemlərin yaşandığını iddia edib.

“Vəziyyət ağırdır. Metropoliten rəhbərliyindən kimsə qatarlardan istifadə edir? Vəziyyətdən xəbərləri var? Beş stansiyadır, haradasa 1 saat 10 dəqiqədir qatar gözləyirik. Gah yarıda düşürür, gah gec-gec gəlir. AYNA-ya nə deyəsən, 20 dəqiqə avtobus gözləyirsən. Avtobusların saylarını çoxaltmaq lazımdır. Arada səlahiyyətli şəxslər nəqliyyat vasitələrindən istifadə etsinlər ki, sıravi şəxslərin nə çəkdiyini görsünlər. Müsahibə verməklə deyil”, – deyə A. Abdullayeva vurğulayıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo“ya bildirilib ki, Qırmızı xətt üzrə qatarların hərəkəti normal iş rejimi şəraitində təmin olunub və hər hansı texniki nasazlıq səbəbindən xətdən qatar çıxarılmayıb:

“Hətta xətlərin ayrılması layihəsinə başlandıqdan sonra Qırmızı xətt üzrə müstəqil hərəkət təşkil olunması intervalın 1 dəqiqə azaldılması ilə bağlı ilk tədbirləri görməyə şərait yaradıb. Nəticədə, interval iki xəttin hər birinin ayrı-ayrılıqda fəaliyyət sahəsində 3 dəqiqə 30 saniyə idisə, hazırda Qırmızı xəttin “İçərişəhər” stansiyasında aparılmış gücləndirmə tədbirləri sayəsində 2 dəqiqə 30 saniyəyə endirilib.

Məlumdur ki, “Həzi Aslanov” stansiyasının dalan yolunda yenidənqurma işləri 2 ilə yaxındır davam edir. Bu səbəbdən, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasında məkik hərəkət təşkil edilib və interval günün sərnişin axını saatlarına uyğun olaraq, 5 və 7 dəqiqə təşkil edir. Həmçinin xəttə xidmət göstərən “Nərimanov” elektrik deposu xəttin orta sahəsində yerləşir. Gün ərzində normativ tələblərə uyğun baxış, qulluq və xidmət göstərilməsi və “Bakmil” istiqamətində sərnişinlərin hərəkətini təmin etmək üçün qrafik əsasında qatarların depoya çıxarılması təmin edilir və digər qatarla əvəzlənir. Qatarlar xəttə “Nərimanov” stansiyasından daxil olur”.