Bakı metrosunda sərnişin qatar yoluna düşüb öldü - Yenilənib+Video

baki-metrosunda-sernisin-qatar-yoluna-dusub-oldu
Oxunma sayı: 5579

Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb. Məlumat yenilənəcək.

***

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, ilkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb:

“Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb”.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə nəticəsində Yaşıl və Qırmızı xətlər üzrə hərəkət qrafikində yaranmış qısamüddətli yubanmalar aradan qaldırılıb, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

***

Bu gün metronun Nərimanov stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.

Belə ki, faciəvi şəkildə ölən şəxsin 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olması məlum olub.

Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.