Bakı Oksford Məktəbi və digər şirkətlərin müsadirəsi ilə bağlı - Yekun qərar

baki-oksford-mektebi-ve-diger-sirketlerin-musadiresi-ile-bagli
Oxunma sayı: 7671

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının müsadirə edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətlərinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda vəkillər ümumilikdə 70 milyon manata yaxın qiymətləndirilən əmlakların müsadirədən azad edilməsini xahiş ediblər.

Müdafiəçilər çıxışlarında əmlakların bir hissəsinin ümumiyyətlə məhkum şəxsə aid olmadığını deyiblər.

Şikayətlərdən ikisi Dubay şirkəti “RMH General Trading” DMCC və Böyük Britaniya şirkəti Baumant Sales LLP tərəfindən verilmişdi. Xarici şirkətlərin nümayəndələri iddia edirdilər ki, Sumqayıt şəhərində yerləşən müsadirə edilmiş “Baku Non Ferrous And Foundry Company” məhkum Rasim Məmmədova deyil, onlara məxsusdur. Belə olan halda şirkətin avadanlıqları ilə birgə müsadirə olunması mülkiyyət hüququnu pozur.

Tahir Kazımovun sədrlik etdiyi hakimlər heyəti şikayətlərin heç birini təmin etməyib.

Qərara əsasən, Bakı Oksford Məktəbinin binası, “Baku Non Ferrous And Foundry Company”, Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən iki fərdi ev və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin müsadirəsi qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsairə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilməyib.

Sail Ağasəlim