““Bakı Taksi Xidməti” Leyla Əliyevaya məxsus deyil”

baki-taksi-xidmeti-leyla-eliyevaya-mexsus-deyil
Oxunma sayı: 11249

Xəbər verdiyimiz kimi, “Bakı Taksi Xidməti”nin müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”si vətəndaşlar üçün xidmətə hazırdır.

Dünəndən sosial şəbəkələrdə “Bakı Taksi Xidməti”nin Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevaya məxsus olması ilə bağlı məlumatlar paylaşılır.

Məsələ ilə bağlı “Qafqazinfo” “Bakı Taksi Xidməti” MMC-yə sorğu göndərib. 

Qurumdan bildirilib ki, “Bakı Taksi Xidməti” MMC 23 aprel 2015-ci ildə keçmiş Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurum kimi dövlət qeydiyyatına alınıb:

“13 fevral 2017-ci il tarixində Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdikdən sonra “Bakı Taksi Xidməti” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyi qurumu kimi fəaliyyət göstərir. Sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır. Qeyd edirik ki, “Bakı Taksi Xidməti” MMC-nin payları tamamilə dövlətə məxsusdur. Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşlara xidmətə hazır olan TX modelli yeni 100 ədəd “London taksi”si ilə tanış olması bizim üçün qürurverici hadisədir”.

Daha sonra əlavə edilib ki, Keçmiş Nəqliyyat Nazirliyi tərəfindən 2014-cü ildə The London Taxi Company-dən 500 ədəd London Taxi TX4 satın alınaraq, “Bakı Taksi Xidməti” MMC-nin balansına verilib: “Həmin taksilərdən hazırda Bakı şəhəri üzrə sərnişindaşıma fəaliyyətində istifadə olunur:

““Bakı Taksi Xidməti” MMC tərəfindən Bakı şəhərində taksi nəqliyyat vasitəsində istifadə etməklə sərnişindaşıma fəaliyyətinin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 2019-cu ildə verilmiş sifarişə uyğun olaraq 2020-ci ildə istehsalçı The London Electric Vehicle Company-dən (LEVC) 100 ədəd LEVC taksi satın alınıb. 

Sözügedən taksilər elektrik mühərriklidir, təhlükəsizlik və ekoloji təmizlik parametləri yüksəkdir. Eyni zamanda, müştəri ilə sürücü arasında təması minimuma endirir. LEVC taksilərindən beynəlxalq hava limanında, iri ticarət mərkəzlərində, eləcə də şəhərin mərkəzi və turist axınına malik digər görməli yerlərində istifadə olunacaqdır. Həmin taksilərdən istifadə Bakı sakinlərinin, eləcə də turistlərin məmnunluğunun yüksəldilməsinə xidmət edəcək”.