Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2011-ci il təvəllüdlü yeniyetmə bu gün paytaxtdakı xəstəxanalardan birində qız uşağı dünyaya gətirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.
***
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sorğumuza cavab olaraq bildirib ki, Bakıda 14 yaşlı yeniyetmənin uşaq dünyaya gətirməsi faktı ciddi narahatlıq doğuran və dərhal müdaxilə tələb edən məsələdir:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə hallarla bağlı fəaliyyətini həm hüquqi, həm də sosial müdaxilə mexanizmləri əsasında həyata keçirir. Faktla bağlı artıq rayon icra hakimiyyətinə rəsmi müraciət olunub.
Qeyd edim ki, fakt barədə məlumat daxil olan kimi Komitə əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə araşdırmaya başlayıb. Yeniyetmənin təhlükəsizliyi, vəziyyəti və hüquqlarının qorunması yönündə təcili tədbirlər görülür.
Qeyd edim ki, Komitə üçün əsas prioritet yeniyetmənin hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması və qanun pozuntusuna yol verən şəxslərin qanunvericilik qarşısında cavab verməsidir. Bu iş üzrə araşdırma tamamlananadək proses diqqətdə saxlanılacaq”.
***
TƏBİB-dən 14 yaşlı yeniyetmənin ana olması ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, 11.12.2025-ci il tarixində saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Ginekologiya şöbəsinə yerləşdirilib.
Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.
11.12.2025-ci il tarixində pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.
Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir.
***
Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı CM-nin 152-ci maddəsi ilə cinayət işi açılacaq.
Bəsti Məmməd
Son xəbərlər
Son Xəbərlər