Bakıda autizmli uşaq skuterə görə avtobusdan düşürüldü - “Üzr istəyirik”-Video

bakida-autizmli-usaq-skutere-gore-avtobusdan-dusuruldu
Oxunma sayı: 1185

Bakıda 211 nömrəli avtobusun sürücüsü ilə qadın sərnişin arasında mübahisə yaşanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 

Belə ki, videonu çəkən qadın övladının autizmli olduğunu bildirərək ona məxsus skuteri ictimai nəqliyyatla daşımaq istəyir, amma sürücü bunun qanunlara zidd olduğunu bildirir.

Məsələ ilə bağlı “Baku Bus” MMC-yə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılıb və müəyyən edilib ki, avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib: “Bildiririk ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.

Baş vermiş hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istəyirik. Hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq”. 

Sözügedən görüntüləri təqdim edirik: