Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı FHN-in Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Vətəndaş - 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.
Qeyd edək ki, Həmidov Əli Rafiq oğlu və Həmidov Ruslan Rafiq oğlu qardaş olub.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 20:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
***
Əldə etdiyimiz məlumata görə, Ə.Həmidov Özbəkistandan bacısının toyuna gəlibmiş.
R.Həmidov isə Bakıda yaşayırmış və Milli Aviasiya Akademiyasının tələbəsi olub.
Son xəbərlər
Son Xəbərlər