2026-cı ilin “Dünya İdman Paytaxtı“ olan Bakı qitənin su idmanı ictimaiyyətinin nümayəndələrini bir araya gətirib.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 8-dən 10-dək davam edən tədbirlər proqramının əsas hissəsi olan Konqresdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, European Aquatics (EA) prezidenti Antonio Silva, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev, ASF-nin icraçı vitse-prezidenti Xaliq İldırımzadə, ASF-nin vitse-prezidenti Jalə Əhmədova, milli federasiyaların nümayəndələri, beynəlxalq idman rəsmiləri və media nümayəndələri iştirak ediblər.
ASF və EA-nın təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi Avropada su idman növlərinin inkişaf perspektivlərini müzakirə etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və milli federasiyalar arasında təcrübə mübadiləsini genişləndirmək olub.
Konqres çərçivəsində əvvəlcə EA prezidenti Antonio Silva çıxış edib. Qitə təşkilatının rəhbəri belə nüfuzlu tədbirin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Bakının nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsini vurğulayıb. O, belə görüşlərin Avropada su idmanının inkişafına və ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini qeyd edib.
ASF prezidenti Zaur Əliyev isə Konqresin Avropa ölkələrinin milli federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və su idmanının gələcək inkişafı üçün yeni imkanlar yaradacağına inandığını bildirib.
Çıxışlardan sonra EA-nın 2026-cı il ərzində yadda qalan məqamlarını əks etdirən videoçarx nümayiş olunub. Bununla yanaşı, ötən dövr ərzində görülən işlərə dair hesabatlar dinlənilib.
Qeyd edək ki, “European Aquatics Congress” oktyabrın 8-dən 10-dək Bakıda keçirilib. İlk gün EA Bürosunun iclası keçirilib, daha sonra milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub. Konqresin ikinci günündə isə “Waves of Change – DEI & I” (Dəyişiklik Dalğaları: müxtəliflik, bərabərlik, inklüzivlik və dürüstlük) mövzusunda konfrans keçirilib.
WA Dünya Kubokundan sonra ASF və EA-nın təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakıda Avropa su idmanı ailəsinin nümayəndələrini bir araya gətirən Konqres keçirilib. İldə bir dəfə təşkil olunan və Avropa su idmanının əsas idarəetmə platformalarından biri hesab edilən bu ali məclis qitə üzrə su idmanının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, mühüm məsələlərin müzakirəsi və milli federasiyalar arasında əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tədbirin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman əlaqələrinin genişləndirilməsinə və idman sahəsində mövqeyinin möhkəmlənməsinə töhfə verir.









Son xəbərlər
Son Xəbərlər