Noyabrın 4-də Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiya Federasiyasının fövqəladə hallar naziri general-polkovnik Aleksandr Kurenkov, Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini polkovnik Sanjar Zuparov, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Almazbek Asanov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Federasiyanın üzvü olan ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər.
Tədbirdə, əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin komandalarının təntənəli keçidi olub.
Azərbaycan Respublikasının Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Federasiyanın Himni səsləndirilib.
Mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrildiyini bildirib. Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturunun qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldırlar. Eyni zamanda, Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır.
Nazir Bakıda keçirilən bu çempionatın yanğınsöndürmə və xilasetmə idmanının inkişafına, müxtəlif ölkələrin müvafiq qurumları arasında peşəkar əlaqələrin genişlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini qeyd edib.
Nazir Kəmaləddin Heydərov qarşıdakı yarışların yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcəyinə, eyni zamanda iştirakçılar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli imkanlar yaradacağına əminliyini ifadə edib. O, yanğın və xilasetmə idmanının inkişafının sağlam həyat tərzinin təbliğinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək, Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirdiklərini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.
Sonra yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub.
Mərasimdə ölkəmizin zəngin tarixi və mədəniyyətini tərənnüm edən, eləcə də dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub, Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim edilib.
Daha sonra çempionatın proqramına uyğun olaraq hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib. Yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.
Kişilər arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 4-cü mərtəbəyə qalxma növündə I yeri Dmitri Qrebenşikov - Rusiya Federasiyası, II yeri Zelimxan Kubayev - Rusiya Federasiyası, III yeri isə Stanislav Titorenko - Rusiya Federasiyası tutub.
Qadınlar arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 2-ci mərtəbəyə qalxma növündə I yerə Mariya Kataseva - Rusiya Federasiyası, II yerə Aleksandra Lasenkova - Belarus Respublikası, III yerə isə Yekaterina Sidorenko- Rusiya Federasiyası layiq görülüblər.
Qalib və mükafatçılara medalları Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim ediblər.
Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.
Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növ üzrə qüvvələrini sınayırlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4x100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.




































