UNEC-də “Səhiyyənin idarə edilməsi” MBA ixtisaslaşmasının müasir tələblərə uyğunlaşdırılması və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə “Baku Medical Plaza” klinikalar şəbəkəsi ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə UNEC-in rektoru, professor Ədalət Muradov, Azera Holdinqin direktoru Akif Əliyev, “Baku Medical Plaza” Mərkəz filialının direktoru Tamara Rəsulova və hər iki qurumun müvafiq struktur rəhbərləri iştirak ediblər.
Görüş zamanı “Baku Medical Plaza” ilə UNEC arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Daha sonra tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memoranduma əsasən, “Səhiyyənin idarə edilməsi” ixtisaslaşması üzrə təhsil alan UNEC magistrləri üçün təqaüd imkanlarının yaradılması, onların “Baku Medical Plaza”da təcrübə keçməsi və səhiyyə müəssisələrinin idarə edilməsi sahəsində çalışan mütəxəssislərin praktiki bilik və təcrübələrini tələbələrlə bölüşməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində, həmçinin səhiyyə müəssisələrinin idarə edilməsi, tibbi xidmətlərin keyfiyyəti, səhiyyə iqtisadiyyatı və marketinqi, insan resurslarının idarə edilməsi, rəqəmsal səhiyyə və digər aktual istiqamətlər üzrə birgə layihə və tədqiqatların həyata keçirilməsi planlaşdırılır.
Görüşdə “Azera Holdinq” ilə əməkdaşlığın gələcəkdə digər istiqamətləri də əhatə etməklə genişləndirilməsi barədə razılıq əldə olunub.



Son xəbərlər
Son Xəbərlər