“BakuBus”ın sürücüsü avtobusda mərsiyə qoyub?

bakubusin-surucusu-avtobusda-mersiye-qoyub
Oxunma sayı: 740

“BakuBus”a məxsus 2 nömrəli marşrut avtobusunun sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi müddətdə mərsiyə səsləndirdiyi haqda məlumat yayılıb. 

“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, dini məzmunlu ifa yüksək səslə olmasa da, avtobusa minən sərnişinlərin əksəriyyəti tərəfindən aydın şəkildə eşidilib. Hadisə bəzi sərnişinlərin diqqətini çəkib və ictimai nəqliyyatda dini məzmunun səsləndirilməsinin uyğunluğu ilə bağlı müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu göndərdik. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, sözügedən hal sürücünün qəsdən sərnişinlərə hər hansı audio-məzmun dinlətmək istəyindən deyil, tamamilə idarəolunmaz nasazlıqdan qaynaqlanıb: “Sürücünün mobil  telefonunda  tətbiqdə yaranmış proqram xətası (donma) nəticəsində səsli fayl işə düşüb və dayandırılması funksiyası müvəqqəti olaraq sıradan çıxıb. Sürücü hərəkət intensivliyini və sərnişinlərin təhlükəsizliyini rəhbər tutaraq, sükan arxasında diqqətini telefona deyil, birbaşa yol hərəkəti təhlükəsizliyinə yönəldib. Bu səbəbdən tətbiqin fəaliyyəti yalnız avtobus dayandıqdan sonra tam dayandırılıb”.

Açıqlamada vurğulanıb ki, avtobusların daxili səs sistemi yalnız dayanacaqların elan edilməsi üçün proqramlaşdırılıb: “Sürücünün şəxsi cihazının avtobusun səs sisteminə inteqrasiyası texniki olaraq mümkün deyil”.

Fidan Etibar