Azərbaycanda ilk dəfə olaraq “Bakı Karlik” adlanan və balaca boylu aktyorların cəmləşdiyi teatr yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Teatrın ilk tamaşası bu gün “M” teatrının binasında nümayiş edilib.
Belə ki, Vidadi Həsənovun quruluşçu rejissoru olduğu “Bir gecənin nağılı” adlı tamaşada aktyorlar 26 yaşlı Ülviyyə Qarayeva və 32 yaşlı Pərviz Teymurov oynayıb.

Teatrın direktoru Natiq Fərzəliyev bildirib ki, əslində bu fikir çoxdan olub, lakin yaradılması bir qədər zaman alıb:
“Bu teatr həm işsizliyin qarşısını almaq məqsədi daşıyır, həm də belə adamlardan ibarət teatr Azərbaycanda olmayan bir layihədir. Bu teatrı yaratmaqda bir məqsədim də odur ki, bir gün mən olmayanda belə, məndən sonra gələcək üçün bir şey qalsın. Kiçik boylu adamlardan ibarət tamaşalar hazırlayacağıq. İstənilən əsərlərə quruluş verəcəyik, özüm də oynayacağam. Hələ bu barədə çox məlumat yayılmayıb, amma indidən mənə nə qədər müraciət edənlər var. Bunlar arasında aktyorluq təhsili olan da var, tamamilə başqa sahədə çalışanlar da. Çoxu da eşidib ki, əsas boy məsələsidir və buna görə müraciət edir. Hazırda 10 aktyorumuz var”.
Aktyorun sözlərinə görə, artıq “iTicket”lə müqavilə bağlanıb və biletləri buradan əldə etmək olacaq:
“Bu gün hələ ki gələnlər qonaqlarımızdır. Hər biri bizim sənət dostlarımız, yaxınlarımızdır. Növbəti dəfədən bilet satışlarımız olacaq. Biletlərin qiyməti 10 manatdan başlayacaq. Yəni rəsmi qaydada bütün prosedurları etmişik. Bir müddət öncə Mədəniyyət Nazirliyinə müraciət etmişdim. Cavab da gəlmişdi ki, təşkilati dəstək olacaq. Mən də düşündüm ki, əlimizdə fakt olsun, bundan sonra yenidən müraciət edərəm”.
Lamiyə Məmmədova












Son xəbərlər
Son Xəbərlər