Dünəndən etibarən Qətər Dövlətinin paytaxtı Dohada BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyası öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, 130-dan artıq dövlətin rəsmi heyətlərinin və çoxsaylı beynəlxalq və regional təşkilatların nümayəndələrinin təmsil olunduğu tədbirdə baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət geniş tərkibli nümayəndə heyəti iştirak edir.
Tədbirin ilk hissəsində Assambleyanın fəaliyyətinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib, Assambleyanın yeni sədri və müavinləri seçilib. Keçirilmiş səsvermə nəticəsində Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli Konvensiyaya Tərəf Dövlətlərin 11-ci Assambleyası sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilib.
Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əsaslı islahatlar həyata keçirilib. Bundan sonra o, ötən Assambleyadan keçən müddət ərzində qəbul edilmiş yeni qanunvericlik aktları barədə məlumat vermişdir. O həmçinin qeyd edib ki, informasiya texnologiyalarının inkişafı korrupsiya və əlaqəli cinayətlərdən də yan keçməyib.
Bakı şəhəri cari ilin may ayında BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 6-cı Plenar iclasına ev sahibliyi edib, 90-dan artıq ölkənin 300-dən yuxarı nümayəndəsinin qatıldığı tədbirdə Şəbəkənin fəaliyyətinə töhfə verən bir sıra vacib sənədlər qəbul olunub.
Növbəti ildə isə Bakı şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Korrupsiyaya qarşı Mübarizə Qurumlarının 3-cü iclasına ev sahibliyi edəcək.
Sessiya öz fəaliyyətini dekabr ayının 19-dək davam etdirəcək və tədbir çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Assambleyanın sessiyasında həmçinin ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edir.




Son xəbərlər
Son Xəbərlər