Paytaxt sakini Qasımova Gülbəniz Mahir qızı 04.04.2024-cü ildə “HTC Cliniva Hospital” keçirdiyi cərrahi əməliyyatdan və həkimdən etdiyi şikayətə Nizami rayon Prokurorluğunda baxılmadığını iddia edir.
“Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, həmin tarixdə Rauf Xəlilov adlı həkim tərəfindən “abdominaplastika” (qarın gərmə) əməliyyatı olunub:
“Əməliyyatdan 2 həftə sonra səhəttim pisləşdi, yaralarımdan çirk gəldi. Yaralar açılmış, tikişlər aralanmışdı. Həkim yerli keyitmə belə etmədən sarğı otağında tikiş qoyduqdan sonra məni evə buraxdı. Dedik ki, əgər ciddi tədbir görməsə, onu prokurorluğa şikayət edəcəyik.
O isə bildirdi ki, “hara istəyirsiniz, şikayət edin. Mən də sizdən şikayət edəcəyəm”.
Qadın iddia edir ki, həmin söhbətdən sonra Nizami rayon Prokurorluğuna şikayət etsələr də, işi aparan müstəntiq onun şikayətinə baxmayıb:
“Tibbi ekspertizanın rəyində vəziyyətimin pis olduğu, təkrar əməliyyata ehtiyac yarandığı qeyd edildi. Ekspert rəyini tələb edəndə Elşən adlı müstəntiq bizə bildirirdi ki, cavab gəlməyib. Vəziyyətim gündən-günə ağırlaşır”.
Şikayətlə bağlı Baş Prokurorluqdan sorğumuza cavab olaraq bildirildi ki, Qasımova Gülbəniz Mahir qızının 04.04.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “HTC Cliniva Hospital”da həkim, ümumi cərrah Rauf Xəlilov tərəfindən “abdominaplastika” (qarın gərmə) əməliyyatının düzgün olunmaması səbəbindən səhhətinin ağırlaşması və həkim tərəfindən ondan qanunsuz ödənişlərin tələb edilməsi barədə müraciəti üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılıb:
“Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı çoxsaylı istintaq hərəkətləri icra olunub, o cümlədən komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Ekspertizanın rəyinə əsasən Gülbəniz Qasımovanın məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilməyib, habelə, “Herniotomiya, hernioplastika və abdominoplastika” əməliyyatını icra edən briqadanın tərkibinin normativ aktlara uyğun olması müəyyən edilib.
Qeyd olunanlar nəzərə alınaraq toplanmış material üzrə 01.09.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib və vətəndaşa hüquqları izah olunub.
Eyni zamanda “HTC Cliniva Hospital”ın həkim cərrahı Xəlilov Rauf Qurban oğlunun fəaliyyəti yol verdiyi nöqsan və çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrar olunmamasına dair müvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluq tərəfindən Səhiyyə Nazirliyinə təqdimat göndərilib”.
Son xəbərlər
Son Xəbərlər