“BBG Energy”də baş icraçı direktor vəzifəsi ləğv edilir - İslahatlar

bbg-energyde-bas-icraci-direktor-vezifesi-legv-edilir
Oxunma sayı: 456

Azərbaycanın enerji, sənaye və infrastruktur sektorlarında fəaliyyət göstərən “BBG Energy” şirkəti korporativ idarəetmə sistemində mühüm dəyişikliklərə başlayıb. Şirkətin beynəlxalq fəaliyyət coğrafiyasının genişlənməsi, həyata keçirilən layihələrin miqyasının artması və yeni strateji hədəflər fonunda mövcud təşkilati strukturun yenidən formalaşdırılması barədə qərar qəbul edilib.

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, dəyişikliklər çərçivəsində Baş icraçı direktor vəzifəsinin ləğvi, Müşahidə Şurasının yaradılması və İdarə Heyətinin yeni idarəetmə prinsipləri əsasında formalaşdırılması nəzərdə tutulur. Bununla da şirkət ənənəvi fərdi icra rəhbərliyi modelindən səlahiyyət və məsuliyyətlərin müxtəlif fəaliyyət istiqamətləri üzrə bölüşdürüldüyü kollegial idarəetmə sisteminə keçid edir.

Yeni təşkilati struktura əsasən, İdarə Heyəti dörd üzvdən ibarət olacaq və şirkətin əsas fəaliyyət istiqamətləri onların arasında bölüşdürüləcək. Beynəlxalq layihələr və strateji inkişaf, yerli əməliyyatlar və layihələrin icrası, iqtisadiyyat və maliyyə, eləcə də texniki və mühəndislik fəaliyyəti ayrı-ayrı İdarə Heyəti üzvlərinin məsuliyyətində olacaq. Hər bir üzv rəhbərlik etdiyi istiqamət üzrə fəaliyyətin planlaşdırılması, idarə edilməsi, qəbul olunan qərarların icrası və əldə edilən nəticələrə görə cavabdehlik daşıyacaq.

İdarə Heyətinin ümumi fəaliyyətinə, üzvlər arasında koordinasiyaya və şirkətin vahid inkişaf strategiyasının həyata keçirilməsinə İdarə Heyətinin sədri rəhbərlik edəcək. Yeni yaradılacaq Müşahidə Şurası isə İdarə Heyətinin fəaliyyətinə nəzarət edəcək, strateji qərarların icrasını, maliyyə və əməliyyat risklərini, eləcə də korporativ idarəetmə prinsiplərinə riayət olunmasını qiymətləndirəcək. Beləliklə, şirkətin gündəlik idarə olunması ilə həmin idarəetməyə nəzarət funksiyaları bir-birindən ayrılacaq.

“BBG Energy”də hesab edirlər ki, beynəlxalq miqyasda fəaliyyət göstərən şirkətlər üçün idarəetmənin yalnız bir rəhbər şəxsin üzərində cəmləşməsi uzunmüddətli perspektivdə effektiv yanaşma hesab edilə bilməz. Xüsusilə müxtəlif ölkələrdə həyata keçirilən layihələrin fərqli hüquqi, texniki və maliyyə tələbləri, beynəlxalq sifarişçilərlə münasibətlər və genişlənən əməliyyat fəaliyyəti daha çevik, eyni zamanda daha sistemli qərarvermə mexanizmlərinin yaradılmasını zəruri edir.

Son illərdə fəaliyyət coğrafiyasını genişləndirən “BBG Energy” Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qətər və Asiya bazarlarında korporativ iştirakını və tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Şirkət sənaye müəssisələrinə texniki xidmət, mühəndislik, sənaye təchizatı, enerji və infrastruktur layihələri üzrə fəaliyyətini genişləndirməklə beynəlxalq bazarlarda mövqelərini möhkəmləndirməyi qarşıya məqsəd qoyub.

Xatırladaq ki, şirkət əvvəlki dövrlərdə də fəaliyyətinin genişləndirilməsi və layihələrin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində bir sıra kadr və təşkilati dəyişikliklər həyata keçirib. Lakin hazırkı islahatlar ayrı-ayrı rəhbər təyinatlarından fərqli olaraq, şirkətin bütövlükdə korporativ idarəetmə modelini əhatə edir. Yeni strukturda əsas diqqət yalnız əməliyyatların idarə olunmasına deyil, həm də rəhbər şəxslərin səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsinə, daxili hesabatlılığın gücləndirilməsinə və fəaliyyət nəticələrinin ölçülə bilən meyarlar əsasında qiymətləndirilməsinə yönəldiləcək.

Məsələ ilə bağlı açıqlama verən “BBG Energy”nin İdarə Heyətinin sədri Mehrəli Qasımov bildirib ki, şirkətin inkişaf strategiyası ilə onun idarəetmə imkanları arasında tarazlığın qorunması xüsusi əhəmiyyət daşıyır.

“Biz artıq elə bir inkişaf mərhələsindəyik ki, şirkətin gələcəyini yalnız yeni müqavilələr, layihələr və bazarlar üzərində qurmaq kifayət etmir. Bu inkişafı idarə edə biləcək güclü korporativ sistem də formalaşdırılmalıdır. Şirkət böyüdükcə idarəetmə mexanizmləri də onunla birlikdə inkişaf etməlidir. Əks halda, müəyyən mərhələdən sonra böyümənin özü idarəetmə baxımından əlavə çətinliklər yarada bilər.

Bizim məqsədimiz ayrı-ayrı şəxslərdən asılı olan deyil, peşəkar komandalar, aydın məsuliyyət bölgüsü və institusional prinsiplər əsasında fəaliyyət göstərən şirkət qurmaqdır. Hesab edirəm ki, müasir şirkətdə rəhbərin əsas vəzifəsi bütün qərarları şəxsən qəbul etmək deyil, düzgün qərarların vaxtında qəbul edilməsini təmin edən sistemi yaratmaqdır. Hər bir rəhbər öz fəaliyyət istiqamətinə görə məsuliyyət daşımalı, eyni zamanda bütün istiqamətlər vahid korporativ strategiya çərçivəsində fəaliyyət göstərməlidir.

Biz beynəlxalq tərəfdaşlarımızın, sifarişçilərimizin və maliyyə institutlarının qarşısında yalnız texniki və kommersiya imkanları ilə deyil, həm də idarəetmə keyfiyyətimizlə etibarlı tərəfdaş kimi çıxış etməyi hədəfləyirik. İstəyirik ki, “BBG Energy”nin inkişafı konkret şəxslərin gündəlik iştirakından deyil, qurulmuş sistemin dayanıqlığından asılı olsun”, - deyə Mehrəli Qasımov qeyd edib.

Şirkət rəhbərliyinin mövqeyinə görə, yeni idarəetmə modelinin üstünlüklərindən biri də qərarvermə prosesində peşəkar ixtisaslaşmanın artırılması olacaq. Belə ki, beynəlxalq layihələrin inkişafına cavabdeh olan rəhbər xarici bazarlar və strateji tərəfdaşlıqlar üzərində cəmləşdiyi halda, yerli əməliyyatlara rəhbərlik edən üzv layihələrin faktiki icrası, resursların idarə olunması və əməliyyat effektivliyinə diqqət yetirəcək. Maliyyə istiqamətində əsas prioritetlər büdcə intizamı, maliyyə planlaşdırılması və risklərin idarə olunması, texniki istiqamətdə isə mühəndislik həllərinin keyfiyyəti, texniki standartlara uyğunluq və istehsalat proseslərinin təkmilləşdirilməsi olacaq.

Müşahidə Şurasının yaradılması isə şirkətin korporativ inkişafında ayrıca əhəmiyyət daşıyır. Beynəlxalq korporativ idarəetmə təcrübəsində geniş tətbiq edilən bu model icraedici idarəetmə ilə nəzarət mexanizmləri arasında institusional bölgünün təmin olunmasına xidmət edir. Bu yanaşma həm qərarların qəbulunda məsuliyyətin artırılmasına, həm də şirkətin uzunmüddətli maraqlarının gündəlik əməliyyat qərarlarından asılı olmadan qorunmasına imkan yaradır.

Bununla yanaşı, struktur dəyişiklikləri çərçivəsində daxili hesabatlılıq prosedurlarının, qərarların təsdiqlənməsi mexanizmlərinin və struktur bölmələri arasında koordinasiya qaydalarının da yenilənməsi planlaşdırılır. Şirkətin müxtəlif ölkələrdəki fəaliyyətinin vahid korporativ standartlar əsasında əlaqələndirilməsi, maliyyə və əməliyyat məlumatlarının sistemləşdirilməsi, eləcə də rəhbər heyətin fəaliyyətinin konkret nəticələr əsasında qiymətləndirilməsi yeni idarəetmə yanaşmasının əsas elementlərindən olacaq.

“BBG Energy”də hesab edirlər ki, beynəlxalq enerji və sənaye bazarlarında rəqabət artıq yalnız qiymət, texniki imkanlar və istehsalat potensialı ilə məhdudlaşmır. Böyük sifarişçilər və strateji tərəfdaşlar üçün şirkətin korporativ idarəetmə səviyyəsi, maliyyə şəffaflığı, daxili nəzarət mexanizmləri və uzunmüddətli institusional dayanıqlığı da mühüm qiymətləndirmə meyarlarına çevrilib. Bu baxımdan həyata keçirilən dəyişikliklərin şirkətin beynəlxalq tenderlərdə və irimiqyaslı layihələrdə iştirak imkanlarının gücləndirilməsinə də töhfə verəcəyi gözlənilir.

Yeni təşkilati struktura keçidin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. İdarəetmə orqanlarının səlahiyyət bölgüsü, daxili normativ sənədlərin uyğunlaşdırılması və yeni korporativ prosedurların tətbiqi üzrə işlər davam etdirilir.

Şirkət hesab edir ki, həyata keçirilən islahatlar “BBG Energy”nin yalnız fəaliyyət coğrafiyasını genişləndirən deyil, eyni zamanda beynəlxalq idarəetmə standartlarına uyğun inkişaf edən Azərbaycan şirkəti kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək.