Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda Beyləqan RİH başçısı Əziz Əzizov, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, şuranın yeni seçilmiş idarə heyətinin 20 üzvü və digər rəsmilər iştirak ediblər.
Tədbirdə çıxış edən Ə. Əzizov yeni seçilmiş idarə heyəti üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri çıxışında ağsaqqalların cəmiyyət həyatında mühüm rolundan, onların zəngin həyat təcrübəsi və müdrik tövsiyələrinin ictimai münasibətlərin sağlam əsaslar üzərində qurulmasındakı əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində ağsaqqallara daim xüsusi diqqət və qayğı göstərilir.
Qeyd olunub ki, Beyləqan Rayon Ağsaqqallar Şurasının fəaliyyəti rayonun ictimai həyatında fəal iştirakın təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin düzgün istiqamətləndirilməsi baxımından əhəmiyyətlidir. Ə.Əzizov şuranın üzvlərinin öz təcrübə və tövsiyələri ilə rayonun ictimai həyatına bundan sonra da töhfə verəcəklərinə əminliyini ifadə edib.
Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov çıxışında Prezident İlham Əliyevin ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq bunun onların ictimai fəaliyyətinə böyük stimul verdiyini bildirib. O, şuranın rayon ərazisində fəaliyyəti, görülən işlər, eləcə də yeni seçilmiş idarə heyətinin üzvləri barədə məlumat verib. Etibar İmanov Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şuranın fəaliyyətinə göstərilən diqqət və dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq rayon rəhbərliyinə qarşılıqlı əməkdaşlıq və mənəvi dəstəyə görə təşəkkür edib.
Şuranın yeni seçilmiş idarə heyətinin üzvləri və digər natiqlər çıxış edərək ağsaqqalların ictimai həyatdakı fəallığından, şuranın qarşıdakı dövrdə fəaliyyət istiqamətlərindən, rayonun ictimai həyatında ağsaqqalların təcrübəsindən daha səmərəli istifadə olunmasının vacibliyindən danışıblar.
Sonda Ağsaqqallar Şurasının yeni seçilmiş idarə heyətinin üzvlərinə üzvlük vəsiqələri təqdim olunub. Daha sonra konfrans iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Son xəbərlər
Son Xəbərlər