Beyləqanda Əsəd Cahangirlə görüş keçirildi - Fotolar

beyleqanda-esed-cahangirle-gorus-kecirildi
Oxunma sayı: 410

İyulun 9-da Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində görkəmli ədəbiyyatşünas, yazıçı-publisist, tənqidçi və şair Əsəd Cahangirin 60 illik ədəbi-bədii yubiley tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin aparıcısı, yazıçı-publisist İlqar Fəhmi yubilyarın zəngin həyat və yaradıcılıq yolundan, Azərbaycan ədəbi fikrinin inkişafına verdiyi mühüm töhfələrdən bəhs edib. Ardınca iştirakçılar Əsəd Cahangirin ömür və yaradıcılıq salnaməsini əks etdirən “Sözün Cahangiri” videoçarxını izləyiblər. Tədbir boyu yubilyarın sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, şeirləri qiraət olunaraq yaradıcılığına ehtiram ifadə edilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Beyləqan torpağı ölkəmizə görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimləri bəxş edib, əvvəlki illərdə də Beyləqanın yetirdiyi tanınmış söz adamlarının həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Bu ənənənin davamı olaraq, əslən Beyləqandan olan görkəmli ədəbiyyatşünas Əsəd Cahangirin 60 illik yubileyinin yüksək səviyyədə qeyd olunması onun Azərbaycan ədəbiyyatındakı zəngin xidmətlərinin yüksək qiymətləndirilməsinin ifadəsidir. Rayon rəhbəri yubilyarın yaradıcılığından bir neçə nümunələrin adını çəkərək bu əsərlərin gənc nəslin milli-mənəvi tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, ona yeni-yeni uğurlar arzulayaraq Azərbaycan ədəbiyyatının inkişafına verdiyi dəyərli töhfələrə, həmçinin 60 illik yubileyi münasibətilə ona Beyləqan Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyə təqdim edib.

Sonra Milli Məclisin deputatı, yazıçı-publisist Səyyad Aran, şair Sona Çərkəz, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, şair Vəli Qaraçaylı, yazıçı-publisist Şəfəq Nasir, yazıçı-publisist Düzgün Atalı, araşdırmaçı-folklorist Hümbət Məmmədli, yazıçı-publisist Şamil Ənvəroğlu, şair Nicat Ərtürk və digər çıxışçılar Əsəd Cahangirin çoxşaxəli yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, yüksək insani keyfiyyətlərindən və gənc ədəbi nəslin formalaşmasına verdiyi töhfələrdən söz açaraq yubilyarı təbrik edib, ona yeni yaradıcılıq nailiyyətləri arzulayıblar.

Musiqili-bədii proqramla müşayiət olunan tədbirin sonunda Əsəd Cahangir çıxış edərək yubileyinin yüksək səviyyədə təşkilinə görə Beyləqan Rayon İcra Hakimiyyətinə, digər təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, göstərilən diqqət və ehtiramı yaradıcılığına verilən yüksək dəyərin ifadəsi kimi qiymətləndirərək, bu doğma münasibətin onun üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.