Beyləqanda məktəblilərlə maarifləndirici görüş - Fotolar

beyleqanda-mekteblilerle-maariflendirici-gorus
Oxunma sayı: 854

Beyləqan rayon Gənclər Evində “Narkomaniyaya “yox” deyək!” mövzusunda, eləcə də erkən nikah, dini radikalizmə qarşı mübarizə çərçivəsində maarifləndirici tədbir təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, Beyləqan rayon prokuroru Elşad Əzimov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Vidadi Qurbanov, eləcə də RİH başçısı aparatının məsul nümayəndələri, idarə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri və məktəblilər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov tədbirin mahiyyəti barədə geniş məruzə edib. O, əsasən narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələr, onun yayılmasının qarşısının alınması istiqamətində görülən profilaktik tədbirlər və bu sahədə ictimai maarifləndirmənin əhəmiyyəti barədə danışıb. Çıxış zamanı həmçinin dini radikalizm, erkən nikah və digər ictimai problemlərə toxunularaq onların gənclərin inkişafına mənfi təsirləri diqqətə çatdırılıb.

Beyləqan Rayon Prokuroru Elşad Əzimov və DTX-nın Beyləqan Rayon Şöbəsinin rəisi Vidadi Qurbanov çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu sahədə qanunvericiliyin tələbləri və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə fikirlərini bölüşüblər.

Tədbirdə Beyləqan RİH başçısı Əziz Əzizov çıxış edərək ölkəmizdə gənclərin sağlam mühitdə yetişdirilməsi və narkomaniyaya qarşı mübarizə istiqamətində aparılan dövlət siyasətindən danışıb. O, narkomaniya, erkən evlilik və dini radikalizm kimi məsələlələrin cəmiyyət üçün ciddi təhlükə yaratdığını vurğulayaraq bu problemin qarşısının alınmasında dövlət, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin vacibliyini qeyd edib.

Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, rayon təhsil sektorunun müdiri Elvin Abbasov və Vətən müharibəsi qazisi Orxan Həsənov da çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizədə ictimai dəstəyin vacibliyi barədə fikirlərini bildiriblər.