Beyləqanda Müstəqilliyin Bərpası Günü qeyd edildi - Fotolar

beyleqanda-musteqilliyin-berpasi-gunu-qeyd-edildi
Oxunma sayı: 498

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, idarə, müəssisə və təşkilat rəhbərləri, kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Beyləqan RİH başçısı Ə. Əzizov 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu vurğulayıb. Qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımızın azadlıq və müstəqillik arzusu hüquqi müstəvidə təsdiqini tapıb, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyub.

Rayon rəhbəri bildirib ki, müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən uzaqgörən siyasət nəticəsində dövlətçiliyin əsasları möhkəmləndirilib, ictimai-siyasi sabitlik təmin olunub və Azərbaycanın hərtərəfli inkişafının təməli qoyulub. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi, siyasi və hərbi qüdrətini artıraraq beynəlxalq mövqelərini daha da möhkəmləndirib.

Ə.Əzizov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısının xarici ölkələrə həyata keçirdiyi səfərlər, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq platformalarda keçirilən görüşlər və zirvə toplantıları ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsinə, milli maraqlarının qətiyyətlə müdafiəsinə və regional əməkdaşlığın inkişafına xidmət edir.

Daha sonra YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan RİH başçısının müavini Yeganə Məmmədova, Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və digər natiqlər çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin tarixi əhəmiyyətindən, xalqımızın azadlıq uğrunda mübarizəsindən və Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl islahatlardan, sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının yüksəldilməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Həmçinin, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ərəfəsində Beyləqan RİH-nin təşəbbüsü və dəstəyi ilə döyüşçü-fotoqraf Nurəhməd Arzuman oğlu Vəliyevin 1992–1996-cı illərdə Füzuli cəbhəsində baş verən döyüşləri və həmin dövrdə Beyləqan rayonunda yaşanan hadisələri əks etdirən fotolarından ibarət “Bir fotoqrafın ömrü və bir ömrün fotoqrafı” – “Tarixin yaddaşında: Obyektivdə qalan döyüş illəri (1992–1996)” adlı fərdi fotosərgi keçirilib.