Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2026/2027-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş Beyləqan rayon məktəblərinin məzunları, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şəhid və qazi övladları ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məzunları ali məktəblərə qəbul olunmaları münasibətilə təbrik edib.
RİH başçısı bildirib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı və onların layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan icra başçısı bildirib ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri olan təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir təhsil infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Əziz Əzizov xüsusilə vurğulayıb ki, cari ildə Beyləqan rayonunda bir sıra təhsil müəssisələrində əsaslı təmir və tikinti işlərinin aparılması da dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O qeyd edib ki, yaradılan müasir təhsil mühiti gənclərin keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarını daha da inkişaf etdirməsinə geniş imkanlar yaradır.
Sonda gənclərin əldə etdiyi hər bir uğurun rayon üçün əhəmiyyətli olduğunu qeyd edən Əziz Əzizov onlara ali təhsil həyatında uğurlar arzulayıb, seçdikləri ixtisaslar üzrə yüksək nəticələr əldə etmələrinin vacibliyini vurğulayıb.
O, çıxışından sonra ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlara, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şəhid və qazi övladlarına Fəxri Fərman və hədiyyə olaraq zəruri kompüter avadanlıqları təqdim edib, eləcə də təltif olunan hər bir məzun üçün 200 manat məbləğində pul mükafatı ayrılıb.
Daha sonra Mil-Muğan Regional Təhsil İdarəsinin rəis müavini Rabil Şahbazov, Rayon Təhsil sektorunun müdiri Elvin Abbasov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da çıxış edərək məzunları təbrik edib, qarşıdakı təhsil illərində daha böyük uğurlara imza atacaqlarına inamlarını ifadə ediblər.
Görüşdə ali məktəblərə qəbul olunan məzunlar da çıxış edərək öz təşəkkürlərini bildiriblər.
Belə ki, qəbul imtahanlarında region üzrə ən yüksək bal-693 bal toplayan Sara Kərimli, Məmmədova Mətanət, Züleyxa Əliyeva, Milli Qəhrəman İbad Hüseynovun övladı Hüseynli İlyas, Ağalıyev Çinar, məzunların valideynlərindən Quliyev Taleh və Vətən Müharibəsi əlili Qənbərov Aslan çıxış edərək dövlətin gənclərə və təhsilə göstərdiyi diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Görüş rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib, daha sonra xatirə fotosu çəkdirilib.
Son xəbərlər
Son Xəbərlər