Yeni araşdırma göstərib ki, bir neçə dildə danışmaq beynin qocalmasını əhəmiyyətli dərəcədə ləngidə bilər. Alimlərin qənaətinə görə, nə qədər çox dil öyrənilirsə və buna nə qədər erkən yaşda başlanılırsa, beynin sağlam qalma ehtimalı da bir o qədər artır.
“Qafqazinfo” xəbər verir ki, Barselonada keçirilən Avropa Neyroelm Cəmiyyətləri Federasiyasının konqresində təqdim olunan araşdırma İspaniya, Çili, Argentina və İrlandiyadan olan alimlər tərəfindən aparılıb.
Tədqiqat çərçivəsində çoxdilliliyin geniş yayıldığı Bask bölgəsində yaşayan 728 nəfərin beyin fəaliyyəti süni intellekt vasitəsilə təhlil edilib.
Nəticələr göstərib ki, iki dildə danışanların beyni yalnız bir dildə danışanlarla müqayisədə orta hesabla 6 il daha gənc görünür. Üç dildə danışanlarda bu fərq 7 ilə çatır, dörd və ya daha çox dil bilənlərin beyni isə yaşıdlarından təxminən 13 il daha gənc xüsusiyyətlər nümayiş etdirir.
Bildirilir ki, yaş artdıqca beyin hüceyrələri arasındakı əlaqələr zəifləyir, bu isə yaddaşın zəifləməsinə və düşünmə sürətinin azalmasına səbəb olur. Dil öyrənmək isə bu sinir əlaqələrinin qorunmasına və beynin idrak ehtiyatının güclənməsinə kömək edir.
Araşdırmanın müəlliflərindən doktor Lusiya Amoruso bildirib ki, nəticələr təkcə öyrənilən dillərin sayı ilə bağlı deyil. Onun sözlərinə görə, dili hansı səviyyədə bilmək və ikinci dili erkən yaşlardan öyrənməyə başlamaq da beynin daha uzun müddət gənc qalmasına mühüm təsir göstərir.
Alim vurğulayıb ki, məsələ sadəcə ikidilli və ya çoxdilli olmaqdan ibarət deyil. Dil təcrübəsinin dərinliyi, istifadə müddəti və səriştə səviyyəsi beyin sağlamlığında həlledici rol oynayır.
Araşdırmanı şərh edən Afina Milli və Kapodistrian Universitetinin nevroloqu, professor Kristina Dalla məktəblərdə və həyat boyu dil təhsilinin təşviq edilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, yeni dil öyrənmək istənilən yaşda beyin sağlamlığını qorumağın ən effektiv üsullarından biridir.
Son xəbərlər
Son Xəbərlər