Biləsuvardakı “qəza yolu”na niyə radar qoyulmur?

bilesuvardaki-qeza-yoluna-niye-radar-qoyulmur
Oxunma sayı: 1621

“Biləsuvarın Səmədabad kəndindən keçən Biləsuvar-Bəhramtəpə yolu kənd sakinləri üçün təhlükə mənbəyidir. Təkcə ötən həftə ərzində bu yolda iki piyada ölümü qeydə alınıb. Yola radar quraşdırılmadığından yüksək sürətlə hərəkət edən avtomobillər tərəfindən piyada vurma halları qaçılmaz olub”.

Bu şikayətlə “Qafqazinfo”ya kənd sakinləri müraciət ediblər. Onların sözlərinə görə, yeni təmirdən çıxan bu yolda sürətin həddi ilə bağlı işarə olsa da, əsasən, yük avtomobilləri buna məhəl qoymurlar: “İyulun 24-ü axşam saatlarında bu yolda Biləsuvar rayon Səmədəbad kənd bələdiyyəsinin sədr müavini Cavanşir Eynullayevi işdən evə qayıdarkən "Kamaz" markalı yük maşını vurub. Nəticədə ağır dərəcəli kəllə-beyin travması alan bələdiyyə sədrinin müavini hadisə yerində dünyasını dəyişib. Bu, həmin həftə ərzində baş verən ikinci belə ölüm hadisəsidir. Hesab edirik ki, bu yolda radarın qoyulması mütləqdir”.

Fotoda: Vəfat edən Cavanşir Eynullayev

Problemlə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-dən bildirildi ki, sözügedən ünvana radarın qoyulması üçün sakinlər müraciət etməlidirlər: “Radarın qoyulması üçün sakinlər yolu göstərməlidirlər. Ondan sonra biz yol hərəkətinin təşkili ilə bağlı məsələləri araşdırıb zəruri tədbirlər görə bilərik. Əgər tamamlanmamış yoldursa, tamamlandıqdan sonra həmin ünvana radar qoyulacaq”.

Qeyd edək ki, Biləsuvar-Bəhramtəpə avtomagistralının Səmədabad kəndindən keçən hissəsində bundan əvvəl də avtomobillərin toqquşması və piyada vurulması ilə nəticələnən yol qəzaları baş verib. Ehtimal olunur ki, bu qəzaların əksəriyyətində səbəb sürət həddinin aşılmasıdır. 

Avqustun ilk günündə sözügedən yolda iki dəfə qəza baş verib. “VAZ 21 07” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində sürücü N.Mahmudov və sərnişinləri – S. Mahmudzadə E. Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin gün digər qəza isə "Man" markalı yük avtomobilinin "Kamaz"a çırpılması nəticəsində baş verib. Nəticədə “Kamaz" markalı yük avtomobilinin sürücüsü və sərnişinləri- Y. Qafarov, G. Əliyev Gülağavə B. Miriyev yaralanıblar.  

Bir neçə ay əvvəl də eyni yolda minik və yük avtomobilləri toqquşmuşdu. Minik avtomobilinin sürücüsü, Vətən müharibəsi qazisi İbayev Vüsal Mirzəxan oğlu və sərnişinlərindən Vüqar İbayev xəstəxanasına çatdırılmışdılar.

Aynurə Yusubova