Sentyabrın 15-də Neftçalanın ümumtəhsil məktəblərində Bilik Günü münasibətilə tədbirlər təşkil olunub və şəhid Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni tədris binasının açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Mirhəsən Seyidov tədbir iştirakçılarını 15 Sentyabr – Bilik Günü və yeni məktəb binasının açılışı münasibətilə səmimi qəlbdən təbrik edib. RİH başçısı qeyd edib ki, ölkəmizdə məktəb infrastrukturlarının yenilənməsi Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Rayon rəhbəri Elton Həbibov adına 4 nömrəli məktəbin bu il də ali məktəblərə qəbul göstəricilərinə görə Neftçala üzrə ən yüksək nəticə göstərdiyini məmnunluqla vurğulayaraq bildirib ki, müasir fənn kabinetləri və laboratoriyalarla təmin olunmuş bu yeni bina şagirdlərimizin elmin dərinliklərinə yiyələnməsinə, Vətənə və dövlətə layiq övladlar kimi yetişməsinə böyük stimul verəcək.
Tədbirin yekununda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və qonaqlar yeni məktəb binasında yaradılan müasir tədris şəraiti, fənn kabinetləri və laboratoriyalarla yaxından tanış olublar və “Şəhərsalma və memarlıq ili” çərçivəsində məktəbin ərazisində təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.
Qeyd edək ki, yeni istifadəyə verilən məktəbdə 68 müəllimin çalışması, 751 şagirdin təhsil alması, həmçinin 44 uşağın məktəbəhazırlıq qrupuna və 12 uşağın icma əsaslı qrupa cəlb olunması nəzərdə tutulub. Müasir təlim şəraiti ilə təmin olunan təhsil müəssisəsində fizika, kimya, biologiya, texnologiya və digər fənn kabinetləri, idman zalı, hərbi otaq və açıq idman meydançası ilə yanaşı, 432 yerlik böyük akt zalı da şagirdlərin ixtiyarına verilib. Bundan başqa məktəbdə yaradılan 4 rəqəmsal bacarıqlar otağı ümumilikdə 535 şagirdi əhatə edəcək.




Son xəbərlər
Son Xəbərlər