Bu gün Bakının Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, qəza 07:40-da baş verib.
Bildirilib ki, Fariz Namiq oğlu Şahbazovun idarə etdiyi “Hyundai” markalı, 88-BS-435 dövlət nömrə nişanlı avtobus Binə qəsəbəsi ərazisində 160 nömrəli xətt üzrə hərəkət edən “İSUZU” markalı, 77-JD-305 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb.
Qəza nəticəsində dörd nəfər xəsarət alıb və hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
***
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 08:00 radələrindən etibarən 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub: “Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb”.
***
160 nömrəli marşrut xətti üzrə fxidmət göstərən “Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov bildirib ki, hadisə avtobus Binə qəsəbəsində dayanacaqda sərnişin mindirib-düşürdüyü zaman baş verib:
“160 nömrəli avtobus Binədə dayanacaqda durduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslardan biri arxadan ona çırpılıb. Həmin avtobuslar Binədən metronun "Koroğlu" stansiyasına qədər qanunsuz fəaliyyət göstərirlər. "Hyundai" markalı avtobus elə gəldiyi sürətlə də bizim avtobusu arxadan vurub. Nəticədə avtobusumuza külli miqdarda maddi ziyan dəyib. Xəsarət alanlar isə əsasən vuran avtobusun sərnişinləri olub. Bizim avtobusdakı sərnişinlərdən bəzilərinə yalnız qırılan şüşələrin qırıntıları dəyib.
Həmin avtobuslar qanunsuz fəaliyyət göstərirlər. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət etmişik, lakin buna baxmayaraq, fəaliyyətlərini davam etdirirlər”.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər