Birlik nümayişindən daha böyük hadisə!

birlik-numayisinden-daha-boyuk-hadise
Oxunma sayı: 741

Son günlər Azərbaycan-Türkiyə münasibətləri ətrafında gedən müzakirələr göstərdi ki, hətta ən yaxın müttəfiqlər arasında da müəyyən fikir ayrılıqları meydana çıxa bilər. Bu mərhələdə əsas sual ondan ibarət idi ki, bu müzakirələr iki ölkə münasibətlərində çat yaratdımı? İki qardaş ölkənin strateji müttəfiqliyi ayrı-ayrı məsələlərə görə zədələndimi? Bu və digər sualların cavabı noyabrın 8-də - Zəfər Günündə Şuşada verildi. Prezident İlham Əliyev dedi ki, “Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları gözlərində qalacaq”.

Prezidentin bu sözləri Azərbaycanla Türkiyə arasında münasibətlərin mahiyyətini, siyasi iradənin gücünü və ortaq gələcəyə dair qətiyyətli mövqeyi ifadə edən prinsipial mesaj idi. Dövlət başçısı əslində Azərbaycan-Türkiyə münasibətlərini ayrı-ayrı siyasi hadisələrin, gündəlik mübahisələrin və kənar təsirlərin fövqündə saxladı, bu münasibətlərin müvəqqəti maraqlar üzərində deyil, ortaq tarix, milli yaddaş, qarşılıqlı etimad və strateji seçim üzərində qurulduğunu bəyan etdi. Mühüm məqam odur ki, İlham Əliyev yaranmış fikir ayrılıqlarını münasibətlərin əsas mahiyyətini müəyyən edən amilə çevirməyə imkan vermədi. Əksinə, ölkələrimizin münasibətlərində dəyişməz siyasi və mənəvi təməlin olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin qorunmasını yalnız tarixi və mədəni bağlılıqla izah etmədi. O, bu sərvətin qorunmasının konkret siyasi məsuliyyət olduğunu dedi. “Biz – iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq” ifadəsi məhz bu baxımdan qiymətlidir. Əlbəttə ki, bu, sadəcə münasibətlərin davam etdirilməsi barədə vəd deyil. Bu, iki dövlətin siyasi rəhbərliyinin qarşılıqlı etimadı qorumaq, fikir ayrılıqlarının strateji münasibətlərə zərər vurmasının qarşısını almaq iradəsidir. Deməli, güclü müttəfiqliyin əsl sınağı fikir ayrılıqları yarandıqda belə ortaq maraqları, qarşılıqlı hörməti və strateji hədəfləri qoruyub saxlamaqdır. Dövlətlərarası münasibətlərin yetkinliyi məhz bununla ölçülür. Birlik qorunmalıdır, lakin bu birlik hər iki dövlətin suverenliyinə və qarşılıqlı hörmətə söykənməlidir.

Prezident İlham Əliyevin bu fikirləri məhz Şuşada, həm də Zəfər Günündə söyləməsi də böyük tarixi və rəmzi məna daşıyan seçimdir. Çünki Şuşa Azərbaycan tarixində milli kimliyin, mədəniyyətin, mənəvi irsin və dövlətçilik iradəsinin simvollarından biridir. 2020-ci il noyabrın 8-də bu şəhərin azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Şuşanın azadlığı ilə Azərbaycan xalqının Qələbəyə inamı tarixi reallığa çevrildi. Həmin gün Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, milli birliyi, siyasi iradəsi və müstəqil dövlət kimi öz taleyini müəyyən etmək əzmi birləşdi. Bu Qələbənin ən mühüm mənəvi-siyasi dayaqlarından biri isə Türkiyənin Azərbaycana verdiyi açıq dəstək idi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bəyanatlar Azərbaycanın tək olmadığını bütün dünyaya göstərdi. İndi isə altı il sonra Türkiyə Prezidenti Zəfər Günündə yenidən Şuşada idi. Bu dəfə hər iki ölkənin liderləri azad Qarabağda, Azərbaycan bayrağının dalğalandığı torpaqda dayanaraq dünyaya başqa, lakin eyni dərəcədə mühüm mesaj verdilər: müharibədə sınaqdan çıxmış birlik sülh və quruculuq dövründə də davam edir.

Azərbaycan-Türkiyə birliyinin güclənməsi yalnız Bakı və Ankaranın maraqlarına xidmət etmir. Bu əməkdaşlıq Türk dünyasının inteqrasiyasına, Şərq-Qərb nəqliyyat əlaqələrinin inkişafına, regional sabitliyə və yeni iqtisadi perspektivlərin formalaşmasına da töhfə verir. Elə buna görə də bu münasibətləri zəiflətmək istəyənlərin olması təəccüblü deyil. Belə şəraitdə siyasi liderlərin məsuliyyəti daha da artır. Çünki dövlətlərarası münasibətlərin taleyini sosial şəbəkələrdəki mübahisələr, emosional çağırışlar və ayrı-ayrı şəxslərin açıqlamaları müəyyən etməməlidir. Əsas olan dövlətlərin strateji maraqları, qarşılıqlı hörmət və siyasi dialoq mədəniyyətidir. Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi “heç kimə imkan vermərik ki, bizim aramıza girsin” fikri məhz bu kontekstdə xüsusi məna qazanır. Dövlət başçısı yalnız bu günün münasibətlərindən danışmır, gələcək üçün də siyasi mövqe ortaya qoyur. Deməli, Azərbaycan-Türkiyə birliyi konkret siyasi şəraitdən asılı olan müvəqqəti yaxınlıq deyil, gələcək nəsillərə ötürülməli olan tarixi sərvətdir. Birlikdə mübarizə aparmaq, birlikdə sevinmək və birlikdə gələcək qurmaq arzusudur!

Yunis Orucov

Əməkdar jurnalist