“Bitcoin” kəskin ucuzlaşdı

bitcoin-keskin-ucuzlasdi
Oxunma sayı: 225

ABŞ fond birjalarında texnologiya səhmlərinin kəskin satışı kriptovalyuta bazarına mənfi təsir göstərib.

“Qafqazinfo” xəbər verir ki, “CoinMarketCap” analitik platformasınınn məlumatına görə, son 24 saat ərzində qlobal kriptovalyuta bazarının ümumi dəyəri 4.22 faiz azalaraq 2.56 trilyon dollara geriləyib.

Ən böyük rəqəmsal aktiv olan “Bitcoin” gün ərzində 76 min dollar həddindən aşağı düşüb. Son sutka ərzində 4.6 faiz dəyər itirən “Bitcoin”in həftəlik enişi 5 faizi keçib. Bazarda ikinci ən böyük kriptovalyuta olan “Ethereum” da son 24 saatda 6.1 faiz geriləyərək 2,258 dollar səviyyəsinə düşüb.

Kripto bazarındakı bu eniş ABŞ fond birjalarında, xüsusilə “Dow Jones” (-3%), S&P 500 (-3%) və “Nasdaq” (-4%) indekslərindəki kəskin satış dalğası ilə üst-üstə düşür. Aralıq seçkilərdə Demokratların Konqresdə çoxluq qazanması süni intellekt və məlumat mərkəzləri üçün qaydaların sərtləşdiriləcəyi narahatlığını artırıb.

Eyni zamanda, bu siyasi dəyişiklik rəqəmsal aktivlər sektoru üçün tənzimləyici çərçivə yaradacaq “CLARITY Act”ın ilin sonuna qədər qəbul edilmə ehtimalını zəiflədib və bazarda qeyri-müəyyənliyi dərinləşdirib.