ABŞ və İran arasında davam edən gərginlik fonunda Vaşinqtonun Tehrana qarşı təzyiqləri artırdığı bildirilir. Belə ki, ölkə Prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan dəniz blokadasının genişləndirilməsi barədə göstəriş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazır.
Bildirilib ki, bu addım İranın nüvə məsələsində güzəştə getməməsi fonunda atılıb. Tramp “bombardmanı bərpa etmək” və ya “münaqişədən tamamilə çəkilmək” variantlarını mövcud blokadanı davam etdirməkdən daha riskli hesab edir.
Məlumatlara görə, blokadanın genişləndirilməsi İranın liman fəaliyyətini və neft ixracını ciddi şəkildə məhdudlaşdıraraq, ölkə iqtisadiyyatına maksimum təzyiq göstərməyi hədəfləyir.
“Reuters” agentliyi isə yazır ki, ABŞ kəşfiyyat qurumları mümkün ssenariləri qiymətləndirir. Bu çərçivədə, xüsusilə noyabrda keçiriləcək aralıq seçkilər öncəsi Tramp administrasiyasının münaqişədən hansı formada geri çəkilə biləcəyi araşdırılır.
Son xəbərlər
Son Xəbərlər