BMU-da Çində təhsil alacaq 37 tələbə ilə görüş - Fotolar

bmu-da-cinde-tehsil-alacaq-37-telebe-ile-gorus
Oxunma sayı: 419

Bakı Mühəndislik Universitetində (BMU) Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində bakalavriat təhsilinin III və IV kurslarını sentyabr ayından Çində davam etdirəcək 37 tələbə və onların valideynləri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev tələbələri təbrik edərək qarşıda onlar üçün mühüm akademik mərhələnin dayandığını bildirib. Rektor vurğulayıb ki, BMU-PKTU ikili diplom proqramı çərçivəsində tələbələrin növbəti iki il ərzində dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Çində təhsil almaları onların beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını təkmilləşdirmələrinə, elmi və peşəkar dünyagörüşlərini genişləndirmələrinə mühüm imkan yaradır.

Yaqub Piriyev Azərbaycan və Çin arasında uğurla inkişaf edən əməkdaşlığın ali təhsil sahəsində yeni imkanlar açdığını, bu baxımdan BMU ilə PKTU arasında formalaşmış səmərəli əlaqələrin akademik əməkdaşlığın, tələbə və müəllim mübadiləsinin, birgə elmi-tədqiqat fəaliyyətlərinin inkişafına mühüm töhfə verdiyini bildirib. Rektor BMU-da gerçəkləşdirilən ikili diplom proqramlarının tələbələrin müasir əmək bazarının tələblərinə uyğun bilik, bacarıq və kompetensiyalar qazanmalarına xidmət etdiyini deyib. Həmçinin tələbələrin beynəlxalq akademik mühitdə Azərbaycanı və BMU-nu layiqincə təmsil etmələrinin, qazandıqları bilik və təcrübəni gələcəkdə peşəkar fəaliyyətlərində və ölkənin inkişafına töhfə verəcək şəkildə tətbiq etmələrinin əhəmiyyətini vurğulayıb.

Yaqub Piriyev tələbələrə Çində təhsil müddətində akademik fəaliyyətə ciddi və məsuliyyətli yanaşmağı, elmi-tədqiqat və şəxsi inkişaf imkanlarından maksimum yararlanmağı, qarşıya qoyulan akademik məqsədlərə ardıcıl və sistemli şəkildə nail olmağı tövsiyə edib.

Digər çıxışlarda BMU ilə PKTU arasında ikili diplom proqramının icrasına 2025-ci ildə başlanıldığı qeyd olunub. “Kimya mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Kimya”, “Biotexnologiya” və “Biznesin idarə edilməsi” olmaqla 6 ixtisası əhatə edən proqram Azərbaycan və Çin ali təhsil müəssisələri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk ikili diplom proqramıdır. 2+2 modeli əsasında reallaşdırılan proqram çərçivəsində BMU-da ilk iki ili uğurla başa vuran və müəyyən edilmiş müvafiq prosedurlardan keçən tələbələr təhsillərinin III və IV kurslarını PKTU-da davam etdirirlər. Proqramın tələblərini uğurla yerinə yetirən tələbələr hər iki universitetin bakalavr diplomunu əldə etmək imkanı qazanırlar.

Görüşdə hazırda PKTU-da təhsilini davam etdirən BMU tələbələri də çıxış edərək Çindəki təhsil təcrübələri, akademik mühit və tələbə həyatı ilə bağlı təəssüratlarını bölüşüblər.