BMU-da müasir laboratoriya açıldı - Fotolar

bmu-da-muasir-laboratoriya-acildi
Oxunma sayı: 476

Bakı Mühəndislik Universitetində (BMU) elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində növbəti mühüm addım atılıb. Universitetdə Torpaq, su və bitki analizləri laboratoriyası istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, laboratoriyanın açılış mərasimində çıxış edən rektor Yaqub Piriyev bildirib ki, yeni yaradılan bu elmi infrastruktur müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin praktiki biliklərinin artırılmasına, onların elmi-tədqiqat proseslərinə daha fəal cəlb olunmasına və universitetdə aparılan tədqiqatların genişləndirilməsinə xidmət edəcək. Laboratoriyanın, eyni zamanda aqrar sahənin inkişafına dəstək verən mühüm elmi platforma olduğunu deyən rektor burada aparılacaq analizlərin fermerlərə torpaq, su və bitkilərlə bağlı problemləri vaxtında müəyyənləşdirməyə, düzgün aqrotexniki qərarlar qəbul etməyə, nəticədə isə məhsuldarlığı artırmağa və resurslardan daha səmərəli yararlanmağa imkan verəcəyini vurğulayıb.

Qeyd olunub ki, müasir avadanlıqlarla təchiz edilən laboratoriya ali təhsil müəssisələri arasında seçilən elmi-tədris mərkəzlərindən biridir. Buradakı imkanlar həm tədrisin keyfiyyətinin yüksəldilməsinə, həm də universitetlə real sektor arasında əməkdaşlığın genişlənməsinə şərait yaradır. Belə əməkdaşlıq elmi nəticələrin praktik tətbiqinə və ölkənin aqrar sektorunun davamlı inkişafına töhfə verəcək.

Sonra BMU-nun dosenti Əli İbrahimov laboratoriyanın texniki imkanları barədə ətraflı məlumat verib. Bildirilib ki, laboratoriyada torpağın əsas aqrokimyəvi göstəriciləri, o cümlədən pH səviyyəsi, əhənglilik, duzluluq, humus miqdarı, fosfor, kalium, natrium, kalsium, maqnezium, dəmir, mis, sink, manqan, bor kimi mikro və makroelementlər müəyyən ediləcək. Bununla yanaşı, suvarma sularının fiziki və fiziki-kimyəvi analizləri aparılacaq ki, bu da torpaqda şorlaşmanın qarşısının alınması və düzgün suvarma rejiminin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Laboratoriyada, həmçinin müxtəlif bitkilərin qidalanma vəziyyəti öyrəniləcək, onların vegetativ və generativ inkişafının düzgün təşkili üçün aqrokimyəvi analizlər həyata keçiriləcək, gübrələmə sistemlərinin elmi əsaslarla planlaşdırılmasına dəstək veriləcək.

Sonda tədbir iştirakçılarına laboratoriyada aparılacaq analizlər əyani şəkildə nümayiş etdirilib.