Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə öncə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca faciəni əks etdirən videoçarx nümayiş olunub.
BMU-nun rektoru Yaqub Piriyev tədbirdə çıxış edərək Xocalı faciəsinin Ermənistanın ölkəmizə ərazi iddiaları, xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti fonunda baş verən, amansızlığı ilə seçilən ağır bəşəri cinayət olduğunu bildirib. Hadisələr zamanı qətlə yetirilən, girov götürülən, itkin düşənlərin statistikasını xatırladan rektor Xocalının düşmənə asan təslim olmadığını, qüvvələr nisbətinin qeyri-bərabər olduğu döyüşlərdə özünümüdafiə qüvvələrinin müqaviməti ilə ortaya əsl fədakarlıq nümunəsinin qoyulduğunu, mülki əhalinin isə köməksiz qaldığı üçün erməni vəhşiliyinin qurbanına çevrildiyini vurğulayıb.
Y. Piriyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu, separatçılardan təmizlənən Xocalı şəhərində 2023-cü il oktyabrın 15-də Azərbaycanın Dövlət Bayrağı ucaldı və böyük Zəfərimizlə Xocalı şəhidlərinin qisası alındı.
Hazırda Xocalının teleyinin dəyişməsinə diqqət çəkən rektor şəhərin Böyük Qayıdış proqramı çərçivəsində yenidən qurulmasından, məskunlaşma prosesinin uğurla davam etməsindən danışıb. Vurğulayıb ki, bütün bunlar artıq Xocalının həyatın, ümidin və gələcəyin şəhərinə çevrildiyini göstərir. Sonda Yaqub Piriyev xalqımızın öz tarixinin Xocalı səhifəsini heç zaman unutmayacağını qeyd edib və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev və Vətən müharibəsi şəhidi Xaliddin Veyislinin qızı, BMU-nun “Dizayn” ixtisası üzrə I kurs tələbəsi Jalə Veyisli çıxış ediblər. Çıxışlarda Xocalı qətliamının xalqımızın yaddaşında sağalmaz yaralar açdığı, hafizələrdən heç zaman silinmədiyi və Vətən müharibəsində qazanılan böyük Zəfərlə faciə qurbanlarının, şəhidlərimizin qanının yerdə qalmadığı, onların ruhunun şad olduğu vurğulanıb. Həmçinin gənclərin tarixi həqiqətləri dərindən öyrənməsi və onları beynəlxalq platformalarda düzgün şəkildə çatdırmasının vacibliyi önə çəkilib.




Son xəbərlər
Son Xəbərlər