Bakı Mühəndislik Universitetində (BMU) 2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitetə yeni qəbul olunan birinci kurs tələbələrini salamlayaraq onları BMU ailəsinin üzvü olmaları münasibətilə təbrik edib. Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasının müəyyənləşdirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyət göstərdiyini vurğulayıb. Azərbaycanın gələcəyinin innovasiya və texnologiyalar üzərində qurulduğunu qeyd edərək gənclərdən qazandıqları müasir bilikləri ölkənin rəqəmsal inkişafına yönəltmələrini gözlədiklərini bildirib.
BMU-nun son illərdə əldə etdiyi beynəlxalq uğurlardan danışan Yaqub Piriyev ali məktəbin dünya universitetləri reytinqində mövqeyinin yüksəldiyini, maddi-texniki bazanın gücləndirilməsi, ixtisasların beynəlxalq akkreditasiyası, beynəlxalq əlaqələrin genişləndirilməsi və məzunların məşğulluğunun təmin olunması istiqamətində mühüm işlər görüldüyünü deyib. Bildirib ki, həyata keçirilən tədbirlər builki qəbulun nəticələrində də özünü göstərib. 2026–2027-ci tədris ilində bakalavriat səviyyəsində 41 ixtisas üzrə qəbul planı 98,4 faiz dolub. Magistratura səviyyəsi də daxil olmaqla, BMU-nu ümumilikdə 3375 nəfər seçib. Bu, universitet tarixində ən yüksək qəbul göstəricisidir. Müqayisə üçün, 3 il əvvəl 30 ixtisas üzrə BMU-ya 1177 nəfərin qəbul olunduğu, tələbələrin sayında təxminən 187 faiz artımın qeydə alındığı vurğulanıb.
Rektor yüksək nəticə göstərən abituriyentlərin sayının da artdığını diqqətə çatdırıb. Belə ki, 2026–2027-ci tədris ilində BMU-nu seçən 500-700 bal intervalında nəticə göstərmiş abituriyentlərin sayı 400 nəfəri ötüb. Yaqub Piriyev, həmçinin Cənubi Koreya və Çinin aparıcı universitetləri ilə bakalavriat səviyyəsində 10 ixtisas üzrə həyata keçirilən 3 ikili diplom proqramına qəbul planının 100 faiz yerinə yetirildiyini bildirib. Bu proqramlara qəbul olunan tələbələrin 259 nəfəri 500-dən, 47 nəfəri isə 600-dən yuxarı bal toplayıb. BMU məzunlarının uğurlarına ayrıca toxunan rektor cari ildə universitetin 25-dən artıq məzununun xarici nüfuzlu ali təhsil müəssisələrinin magistratura və doktorantura proqramlarına qəbul olduğunu, onların Dövlət Proqramı çərçivəsində təhsillərini davam etdirəcəklərini deyib. Bununla yanaşı, müxtəlif ölkələrin universitetlərinə müstəqil şəkildə qəbul olunan çoxsaylı BMU məzunlarının da olduğunu deyən rektor belə uğurların davamına əminliyini ifadə edib.
Çıxışının sonunda Y.Piriyev tələbələri universitetdə yaradılan imkanlardan maksimum yararlanmağa, peşəkar, Vətənə sadiq və yüksək dəyərlərə sahib mütəxəssislər kimi formalaşmağa çağırıb.
Daha sonra tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Vüqar Bayramov, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək tələbə və müəllim kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər. Çıxışlarda gənclərin ölkənin inkişafında, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirakının əhəmiyyəti vurğulanıb.
Mərasimdə bu il BMU-ya qəbul olunan şəhid övladları xüsusi ehtiramla qarşılanıb. Onlara universitet həyatına atdıqları ilk addım münasibətilə hədiyyələr təqdim edilib. Eyni zamanda 650-dən yuxarı bal toplayan tələbələrə hədiyyələr təqdim olunub.








