BMU-İNHA İDP-nin III məzun buraxılışı keçirildi - Fotolar

bmu-inha-idp-nin-iii-mezun-buraxilisi-kecirildi
Oxunma sayı: 269

Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 2025-2026-cı tədris ili üzrə məzunları üçün təntənəli buraxılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq, universitetin rektoru Ço Myeonq Voo, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov, Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq, KOICA və KOTRA-nın rəhbər şəxsləri, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, hər iki universitetin professor-müəllim heyəti, məzunlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca BMU-İNHA İDP-nin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev məzun gününü yalnız gənclərin zəhməti və əzmkarlığının bəhrəsi deyil, eyni zamanda Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurla inkişaf edən strateji əməkdaşlığın və gələcəyə hesablanmış ortaq baxışın növbəti mühüm nailiyyəti kimi dəyərləndirib. Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yüksəkixtisaslı insan kapitalının formalaşdırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Qeyd edib ki, Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetləri ilə birgə həyata keçirilən beş beynəlxalq ikili diplom proqramından biri məhz BMU tərəfindən icra olunur.

Yaqub Piriyev bildirib ki, 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP-nin icra müddəti Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 2030-cu ilədək uzadılıb. Rektor diqqətə çatdırıb ki, 3+1 modeli əsasında icra olunan proqramda hazırda 330 tələbə təhsil alır. Bu il həmin tələbələrdən 113 nəfər məzun adını qazanaraq hər iki universitetin bakalavr diplomuna yiyələnir. Bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatır.

Məzunları təbrik edən elm və təhsil nazirinin müavini İdris İsayev beynəlxalq ikili diplom proqramını uğurla başa vuran gənclərin qazandıqları  bilik və bacarıqların onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını bildirib. İdris İsayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin keyfiyyətli təhsil almasına, beynəlxalq təhsil imkanlarının genişləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkədə rəqabətqabiliyyətli mütəxəssislərin formalaşdığını vurğulayıb.

İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq, universitetin rektoru Ço Myeonq Voo, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov və Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndiriblər. Bildiriblər ki, məzunlar iki ölkənin təhsil təcrübəsini mənimsəmiş, beynəlxalq standartlara uyğun hazırlıq keçmiş mütəxəssislər kimi qlobal əmək bazarında mühüm üstünlüklərə malikdirlər.

Çıxışlardan sonra ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar  mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub. Mərasimin bədii hissəsində tələbələrin ifasında Azərbaycan və Koreyanın milli rəqsləri nümayiş etdirilib, müxtəlif musiqi kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.

Tədbir məzunların ənənəvi kepatma mərasimi ilə başa çatıb.