BMU kampusunda velosiped infrastrukturu istifadəyə verildi - Fotolar

bmu-kampusunda-velosiped-infrastrukturu-istifadeye-verildi
Oxunma sayı: 407

Bakı Mühəndislik Universitetinin (BMU) kampusunda sağlam həyat tərzinin təşviqi, ekoloji nəqliyyat vasitələrinin istifadəsinin artırılması məqsədilə velosiped zolaqları və müvafiq dayanacaqlar yaradılıb. Eyni zamanda kampus ərazisində istifadəyə verilən velosipedlər tələbə və əməkdaşların ixtiyarına təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə keçirilən açılış tədbirində BMU-nun rəhbərliyi, müəllim, əməkdaş və tələbə heyəti iştirak edib. 

Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitet ərazisində piyada və velosiped yolları ayrılmasını ali məktəbin “Yaşıl kampus” konsepsiyasına, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü (Sağlam həyat və rifah) və 13-cü (İqlim dəyişikliyinə qarşı mübarizə) istiqamətlərinə uyğun olaraq həyata keçirildiyini bildirib. Rektor ətraf mühitin qorunması, sağlam həyat tərzinin təbliğ edilməsi zərurəti ilə əlaqədar mikromobillik vasitələri üçün müvafiq infrastrukturun yaradılması və velosipedlərdən istifadənin əlçatanlığının təmin edilməsinə dair layihənin sosial əhəmiyyətini vurğulayıb.

Əlavə olunub ki, rahat, sərfəli, sağlam həyat tərzini təşviq edən mikromobil nəqliyyat vasitəsi dünyada geniş yayılıb və ekoloji məsələlərin qlobal miqyasda aktuallıq qazanması fonunda velosiped mədəniyyətinin formalaşdırılması ölkəmizdə də xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Bu istiqamətdə görülən işlərə toxunan Yaqub Piriyev universitetdə tədris korpusları arasında rahat və təhlükəsiz hərəkət üçün yolların asfaltlandığını, bunun velosiped, eləcə də digər mikromobil nəqliyyat vasitələrindən istifadə üçün də əlverişli şərait yaratdığını qeyd edib.

Rektor BMU-da ekoloji təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini, mikromobil vasitələrdən istifadənin genişləndiriləcəyini diqqətə çatdırıb.