Bakı Mühəndislik Universitetinin (BMU) “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təqdim etdiyi elmi-tədqiqat nəticələri və innovativ həllər sərginin son günündə də ziyarətçilərin marağına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, sərginin son günündə BMU-nun stendinə Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev, “PAŞA Holdinq”in Direktorlar Şurasının sədr müavini, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri Mir Camal Paşayev, eləcə də müdafiə sənayesi və texnologiya sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, yerli və xarici iştirakçılar baş çəkiblər.
Görüşlər zamanı universitetdə aparılan tətbiqyönümlü elmi-tədqiqat işlərinin nəticələri, onların praktiki tətbiq imkanları və sənaye ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
BMU-nun laboratoriyalarında aparılan tədqiqatlar əsasında hazırlanmış və müdafiə sənayesi üçün əhəmiyyət daşıyan 11 elmi-tədqiqat nəticəsi və innovativ həllin təqdim edilməsi universitetin bu istiqamətdə potensialının nümayişinə imkan verib. Nəticələrin bir qisminin aidiyyəti qurumlarda praktiki sınaqlardan keçirilməsi və müsbət nəticələr əldə olunması onların tətbiqi əhəmiyyətini də təsdiqləyib.
Stenddə nümayiş etdirilən LoRa P2P texnologiyası əsasında hazırlanmış “Loko GPS Tracker” sistemi də diqqət çəkən layihələrdən biri olub. Mobil rabitə və internet bağlantısının olmadığı ərazilərdə istifadə üçün nəzərdə tutulan sistemin müdafiə, pilotsuz uçuş aparatları, axtarış-xilasetmə, kənd təsərrüfatı və digər sahələrdə tətbiq imkanları təqdim edilib.
Üç gün davam edən “ADEX 2026” sərgisi BMU üçün elmi-tədqiqat nəticələrinin sənaye nümayəndələrinə təqdim edilməsi, yeni əlaqələrin qurulması və mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətli platforma olub.






Son xəbərlər
Son Xəbərlər