BMU tələbələri IT üzrə beynəlxalq proqramda qalib oldular - Fotolar

bmu-telebeleri-it-uzre-beynelxalq-proqramda-qalib-oldular
Oxunma sayı: 236

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin 12 tələbəsi beynəlxalq səviyyəli intensiv “IT SkillSprint” təhsil proqramını uğurla başa vuraraq məzun olub.

“Qafqazinfo” xəbər verir ki, BMU-nu proqramda “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” və “Kompüter elmləri” ixtisasları üzrə təhsil alan III kurs tələbələri təmsil ediblər. Seçilmiş tələbələr arasında Sədat Musayev, Çiçək Abdullayeva, Elşad Kasimov, Fidail Vəliyev, Rauf Cəfər, Adil Həsənov, Ağa Hacıyev, İsmayıl Abdullayev, Ruzi Xancanov, Ülvi Hacıyev, Nihad Bağırzadə və Mikayıl Quliyev yer alıblar.

Proqram çərçivəsində BMU tələbələri, həmçinin yüksək nəticələr əldə ediblər. Belə ki, “Kompüter mühəndisliyi” ixtisasının tələbəsi Mikayıl Quliyev veb proqramlaşdırma və süni intellekt, “İnformasiya texnologiyaları” ixtisasının tələbəsi Çiçək Abdullayeva isə Kibertəhlükəsizlik və süni intellekt istiqamətləri üzrə hakatonda I yerə layiq görülüb.

Proqramı uğurla başa vuran BMU tələbələri “Ironhack” şirkətinin beynəlxalq səviyyədə tanınan sertifikatları ilə təltif olunublar. Universitetin 12 tələbəsinin bu nüfuzlu proqramda uğurla iştirak etməsi BMU-da informasiya texnologiyaları sahəsində həyata keçirilən keyfiyyətli tədrisin, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi istiqamətində görülən məqsədyönlü işlərin və onların beynəlxalq rəqabətqabiliyyətli mütəxəssis kimi hazırlanmasının növbəti göstəricisidir. Proqramın bağlanış mərasimində iştirak edən BMU-nun rektoru Yaqub Piriyev tələbələri əldə etdikləri uğur münasibətilə təbrik edib, onların beynəlxalq səviyyəli təhsil proqramında qazandıqları bilik və bacarıqların gələcək peşəkar fəaliyyətlərində mühüm rol oynayacağını vurğulayıb. Rektor tələbələrə gələcək təhsil və karyera yollarında yeni nailiyyətlər arzulayaraq, bu cür proqramlarda fəal iştirakın universitetin əməkdaşlıq imkanlarının genişlənməsinə, xüsusilə insan kapitalının inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həmçinin beynəlxalq tədris şirkəti “Ironhack”ın tərəfdaşlığı ilə həyata keçirilən proqram rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində ixtisaslı insan kapitalının hazırlanmasını hədəfləyir. Proqram çərçivəsində iştirakçılar data analitikası və süni intellekt, kibertəhlükəsizlik və süni intellekt, veb proqramlaşdırma və süni intellekt, eləcə də DevOps və süni intellekt istiqamətləri üzrə hibrid formatda təhsil alıblar.

“Bootcamp” formatında təşkil olunan təlimlər çərçivəsində tələbələr real layihələr üzərində işləmək, peşəkar portfel formalaşdırmaq, hakatonlarda iştirak etmək, karyera sərgilərinə və şəbəkələşmə tədbirlərinə qoşulmaqla əmək bazarına inteqrasiya imkanları əldə ediblər. Tədris prosesi 2026-cı ilin fevral-iyul aylarını əhatə etməklə altı ay davam edib. Proqramın bağlanış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, elm və təhsil nazirinin müavini Həsən Həsənli və layihənin beynəlxalq tərəfdaşı olan “Ironhack” şirkətinin direktoru Gonzalo Manrique Sabatel çıxış ediblər. Çıxışlarda proqramın ali təhsil ilə əmək bazarı arasında səmərəli əməkdaşlıq modeli formalaşdırdığı, iştirakçılara həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli bilik və bacarıqlar qazandırdığı vurğulanıb. Qeyd olunub ki, proqram dövlət-universitet-özəl sektor əməkdaşlığını vahid platformada birləşdirərək ali təhsil ilə əmək bazarı arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, proqramın ilk mərhələsində ölkənin 9 ali təhsil müəssisəsindən 120 tələbə iştirak edərək məzun olub.