Boğucu öskürək ciddi xəstəliklərin xəbərçisidir

bogucu-oskurek-ciddi-xesteliklerin-xebercisidir
Oxunma sayı: 972

Boğucu və yorucu öskürəklər allergiya, virus infeksiyası və ya pnevmoniyanın xəbərçisi ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Referans”ın Əhmədli filialının baş həkimi, pulmonoloq Əsəd Beydullayev açıqlamasında bildirib.

Həkim qeyd edib ki, boğucu və yorucu öskürəklər müxtəlif xəstəliklərin xəbərçisi ola bilər və pasiyentlər bu şikayətlərlə tez-tez müraciət edirlər.

Onun sözlərinə görə, yaz aylarının gəlməsi ilə əlaqədar mövsümi allergiyadan əziyyət çəkən pasiyentlər üçün çətin günlər başlayır. Burun qaşınması və sulanması, quru və yorucu öskürək, xüsusilə səhər saatlarında artan hallarda və tənəffüs zamanı döş qəfəsində xışıltı, xırıltının müşahidə olunması öskürəyin səbəbinin allergik olmasına işarə edir. Bu pasiyentlərin çoxu hər il eyni halların təkrarlandığını, allergiya dərmanlarını tanıdıqlarını və istifadə etdiklərini bildirir, bəzən isə ailə üzvlərində də oxşar şikayətlər olur. Həkim vurğulayıb ki, belə hallarda allerqoloq və ya pulmonoloqa müraciət etmək vacibdir.

Pulmonoloq əlavə edib ki, boğucu öskürəklər həmçinin kəskin respirator virus infeksiyalarının da simptomu ola bilər. Bu zaman pasiyentlərdə bədən hərarətinin yüksəlməsi, bəzən bəlğəmli öskürək, oynaq ağrıları, halsızlıq və iştahsızlıq kimi əlamətlər də müşahidə olunur. Viral infeksiyalarda bədən hərarəti adətən 3-4 gündən artıq davam etmir, bəlğəm ya olmur, ya da az və açıq rəngli olur. Bu əlamətlər mövcud olduqda pulmonoloqa və ya terapevtə müraciət edilməlidir.

Həkim diqqətə çatdırıb ki, bədən hərarətinin 3 gündən artıq davam etməsi, bəlğəmin sarı və çox olması, ağır hallarda nəfəs darlığının da öskürəyə əlavə olunması pnevmoniyanın (sətəlcəm) əlamətləri ola bilər. Vaxtında müalicə olunmadıqda, xüsusilə 5 yaşdan kiçik və 65 yaşdan yuxarı pasiyentlərdə ciddi nəticələrə səbəb ola bilər. Belə hallarda dərhal pulmonoloq və ya terapevtə müraciət etmək lazımdır.

Həmçinin bildirilib ki, axşam yatağa uzandıqdan sonra başlayan, qalxıb oturub su içdikdən sonra azalan öskürəklər qastroezofageal refluks səbəbindən də yarana bilər. Düzgün pəhriz və mədəqoruyucu dərmanların istifadəsi həm öskürəyi, həm də mədə problemlərini yüngülləşdirə bilər.

Pulmonoloq vurğulayıb ki, öskürək bədənin müdafiə refleksidir və müxtəlif xəstəliklərin xəbərçisidir. Vaxtında səbəbi müəyyən edilərək müalicə olunan öskürəklər ciddi ağırlaşmaların qarşısını ala bilər.