Fintex sahəsində innovativ həlləri ilə seçilən “MPAY” (eManat) ölkənin nağdsız ödənişlər bazarında yeni bir dövrün əsasını qoyur. Şirkət ölkədə ilk dəfə olaraq ovuc ilə ödəniş texnologiyası olan “PalmPay”i təqdim edir.
Bu texnoloji yenilik ilk dəfə olaraq pilot versiyada “Grandmart” MMC-yə aid Bolmart mağazasında istifadəyə verilib. Müştərilər alış-veriş ödənişlərini Səməd Vurğun küçəsində yerləşən Bolmart mağazasında sadəcə ovucları ilə sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Yaxın gələcəkdə bu ödəniş təcrübəsinin digər satış və xidmət məntəqələrində də genişləndirilməsi nəzərdə tutulur.
PalmPay nədir?
PalmPay - istifadəçilərə kart, telefon və ya nağd pul olmadan, sadəcə ovcundan istifadə etməklə ödəniş etməyə şərait yaradan innovativ ödəniş texnologiyasıdır. Sistem istifadəçinin ovuc içindəki unikal damar strukturunu tanıyaraq şəxsiyyəti təsdiqləyir və ödəniş əməliyyatını MPAY cüzdanından təhlükəsiz şəkildə həyata keçirir.
Bu layihə ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına böyük təkan verməklə yanaşı, istifadəçilərə maksimum rahatlıq və yüksək təhlükəsizlik vəd edir.
Məlumat üçün bildirək ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024 tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər