“Bona Dea” Nigar Köçərlini məhkəməyə verdi

bona-dea-nigar-kocerlini-mehkemeye-verdi
Oxunma sayı: 1803

“Liv Bona Dea” Hospital “Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərlini məhkəməyə verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb. 

Buna səbəb kimi hospitalın nüfuzuna xələl gətiriləcək paylaşımların edildiyi göstərilir: “Son dövrlərdə “Liv Bona Dea” Hospitalda əməliyyat olunmuş vətəndaş Nigar Köçərli tərəfindən şəxsi instaqram hesabı və digər sosial şəbəkə platformalarında xəstəxanamız haqqında həqiqəti əks etdirməyən, işgüzar nüfuzumuza xələl gətirən paylaşımlar edilib və hazırda da bu paylaşımlar davam etdirilməkdədir. 

Qeyd edilən hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə tərəfimizdən yanvarın 31-də Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilib. Ərizəyə əlavə olunmuş sənədlər məhkəmə tərəfindən qeydiyyata alınıb.

Nigar Köçərli “Liv Bona Dea” Hospital barədə müxtəlif narazılıqlar səsləndirsə də, bu müddət ərzində hər hansı hüquqi addım atmayıb. Yalnız tərəfimizdən məhkəməyə müraciət edildikdən sonra qarşı tərəf vəkillə müqavilə bağladığını və məhkəməyə müraciət etdiyini ictimai şəkildə bəyan edib. “Liv Bona Dea” Hospital olaraq biz bütün məsələlərin yalnız qanun çərçivəsində və hüquqi müstəvidə həll edilməsinin tərəfdarıyıq. İşgüzar nüfuzumuza və hüquqlarımıza vurulmuş zərərin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmişik və bu mərhələdə hər hansı kütləvi informasiya vasitəsində əlavə açıqlama verməyə ehtiyac görmürük. Çünki bir şəxsin haqlı və ya haqsız olması yalnız məhkəmə qərarı ilə müəyyən edilir. Yekun məhkəmə qərarı əldə edildikdən sonra, nəticə barədə ictimaiyyətə müvafiq məlumat təqdim ediləcək”.

Qeyd edək ki, bu gün Nigar Köçərli də paylaşım edərək hospitala qarşı məhkəmə hazırlığına başladığını açıqlayıb. 

Xatırladaq ki, ötən ay sözügedən xəstəxanada əməliyyat olunan Nigar Köçərli sosial şəbəkə hesabında tibb müəssisəsində ona biganə yanaşıldığını və baxımsız vəziyyətdə qaldığını açıqlamışdı.