Belçikanın paytaxtı Brüsseldə bir qrup fəal qida yardımına artan ehtiyaca və yardım təşkilatlarının azalan resurslarına etiraz edib.
“Qafqazinfo” xəbər verir ki, “Belga”nın məlumatına görə, qara geyinmiş və əllərində boş ağ boşqablar tutan nümayişçilər “Restos du Coeur” qida yardım təşkilatının çağırışı ilə Brüsselin mərkəzindəki Regence küçəsində toplaşıblar.
Təşkilatçılar Belçikada təxminən 500 min insanın qida yardımına ehtiyac duyduğunu bildiriblər.
Fəallar zəruri ərzaq məhsullarının alınması üçün ayrılan federal büdcənin 2025-ci ildəki 27 milyon avrodan 2026-cı ildə 15 milyon avroya endirildiyini qeyd ediblər.
Yardım təşkilatları resursların azalması fonunda ehtiyacın artmasının qida yardımı göstərilməsini daha da çətinləşdirdiyini bildirirlər.
Təşkilatların məlumatına görə, gəlirləri kirayə, enerji və səhiyyə xərclərini qarşılamağa kifayət etməyən daha çox insan qida yardımı üçün müraciət edir.
Bundan başqa, Belçikada işsizlik müavinətlərinin müddətini məhdudlaşdıran yeni qaydalar səbəbindən 2026-cı ildə müavinət almaq hüququnu itirəcək bəzi şəxslərin də qida yardımına müraciət etdiyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər