Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “BBC” yayıb.
Trass, həmçinin bildirib ki, Mühafizəkarlar partiyasının lideri postundan da istefa verir.
47 yaşlı Trass yeni Baş nazir seçilənə qədər səlahiyyətlərini icra etməyə davam edəcək.
Yeni Baş nazirin bu həftə seçiləcəyi bildirilir.
Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri olmuş Liz Trass cari ilin sentyabrın 6-sı Mühafizəkarlar Partiyasının lideri və ölkənin Baş naziri seçilmişdi. O, Britaniya tarixində bu vəzifəni ən az müddət icra edən şəxs olub.
Qeyd edək ki, Trassın 45 gün əvvəl vəzifəsinin icrasına başlamasına baxmayaraq, Britaniyada artan iqtisadi problemlər onun reytinqinin kəskin şəkildə enməsinə səbəb olub. Siyasətçinin təqdim etdiyi iqtisadi plan hökumət üzvləri tərəfindən müsbət qarşılanmayıb. Bir müddət əvvəl britaniyalı deputatlar Trassı istefaya səsləsələr də, o, istefa verməyəcəyini açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər