“Bu, bir çox insanın həyatı bahasına başa gəlib”

bu-bir-cox-insanin-heyati-bahasina-basa-gelib
Oxunma sayı: 2279

“Dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir. Dərmanların keyfiyyəti, əlçatanlığı, qiymətləri və s. məsələlər görüşlərdə qaldırılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında bildirib.

Deputatın sözlərinə görə, “Dərman vasitələri haqqında” Qanuna mütəmadi dəyişikliklər edilir: “Eyni zamanda, sertifikatsız həkimlər barəsində mediada kifayət qədər məlumatlar yayılıb. Bu, bir çox insanın hətta həyatı bahasına başa gəlib. Bu sahədə Səhiyyə Nazirliyi işlər gördü, yerlərdə yoxlamalar apardı. Həmin istiqamətdə çalışdıq və Mili Məclisə tövsiyə olunmuş qanun layihəsinə əsasən indən sonra bu və ya digər ixtisasa yiyələnməyin yeganə yolu rezidentura keçmək olacaq.

Komitə sədri əlavə edib ki, qəbul edilən ən vacib qanunlardan biri sertifikatlaşdırma ilə bağlı dəyişiklik idi:

“Mövcud sertifikasiya qaydalarına alternativ olan digər qaydaların da qəbul olunması mühüm məsələ idi. Bu, estetik əməliyyatlar sahəsində ölkəmizdə olan xoşagəlməz hadisələrin qarşısını alacaq”.

“İcbari tibbi sığortanın fəaliyyətindən insanların məmnuluğu get-gedə artır. Həm xidmətlər zərfi genişlənir, insanların ambulator dərmanlarla təminatı sahəsində böyük işlər görülür.

Ancaq hələ də görülməmiş işlər çoxdur. Xüsusilə, bizim fikrimiz budur ki, bu gün insanlar arasında yayılmış və tələfat verən xəstəliklərin hər biri İTS ilə əhatə olunsun. Çox cüzi xəstəliklər istisna olmaqla, İTS bütövlükdə bütün xəstələrin müayinəsi və mülaicəsini əhatə edir. Bu istiqamətdə iş aparırıq və uğurlarımız olacaq”, - komitə sədri bildirib.

Nuranə Daxilqızı