Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisindən keçən, Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən və Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində qəza baş verib.
“Qafqazinfo” İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir ki, qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb.
Yaranmış vəziyyətin operativ şəkildə aradan qaldırılması və su təchizatının etibarlılığının təmin edilməsi məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub.
Qəzalı su xəttinin və onun üzərində yerləşən siyirtmənin yenilənməsi istiqamətində təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir. Görülən tədbirlər çərçivəsində nasazlığın mənbəyinin aradan qaldırılması, xəttin texniki dayanıqlığının bərpası və su təchizatı infrastrukturunun etibarlı istismarının təmin edilməsi nəzərdə tutulur.
Hazırda qəza-bərpa briqadası tərəfindən işlərin sürətləndirilməsi istiqamətində zəruri texniki tədbirlər görülür. Təmir işlərinin mümkün qədər qısa müddətdə yekunlaşdırılması və su təchizatının normal rejimdə bərpası üçün bütün zəruri imkanlardan istifadə olunur.
***
Qurumdan bildirilib ki, su xəttində baş vermiş qəza Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası tərəfindən aradan qaldırılıb, təmir-bərpa işləri tam yekunlaşdırılıb.
Qəzalı sahədə zəruri texniki tədbirlər həyata keçirilərək xətt üzrə suyun verilişi bərpa olunub. Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılması təmin ediləcək.
Son xəbərlər
Son Xəbərlər