Bu ezamı unutmayacaqlar... - Jurnalistlər nə deyir?

bu-ezami-unutmayacaqlar
Oxunma sayı: 330

Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri ilə yanaşı, Azərbaycan mediasının təmsilçiləri də səfəri işıqlandırıblar.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, iki gün davam edən Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri ilə yanaşı, Azərbaycan mediasının təmsilçiləri də səfəri işıqlandırıblar.

İki gün davam edən səfər çərçivəsində media nümayəndələri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini, yaradılan infrastrukturu, tarixi və mədəni məkanları yaxından izləyib, xarici diplomatların səfərlə bağlı təəssüratlarını öyrəniblər.

Səfər zamanı jurnalistlər üçün həm peşəkar, həm də şəxsi baxımdan maraqlı müşahidələr və təcrübələr formalaşıb.

AZTV-nin müxbiri Sabir Bilalov bildirib ki, Azərbaycan mediası artıq beynəlxalq səviyyəli tədbirlərdə öz peşəkarlığını nümayiş etdirir:

Azərbaycan mediası artıq beynəlxalq tədbirlərdə öz təcrübəsini göstərir. Bu da böyük bir tədbir idi. Artıq 22-ci dəfədir ki, diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edir. Biz də media olaraq burada koordinasiyalı şəkildə işlədik. Media nümayəndələri, operatorlar, fotoqraflar, müxbirlər öz işlərini ən yüksək səviyyədə yerinə yetirdilər. Məncə, bundan hamı razı qaldı”.

Xəzər TV-nin müxbiri Aytən Fehruz isə Qarabağın bir sıra ərazilərinə ilk dəfə səfər etdiyini və bu təcrübənin onda xüsusi təəssürat yaratdığını deyib:

Qarabağa etdiyimiz iki günlük səfər mənə çox xoş təsir bağışladı. Qarabağın, işğaldan azad olunmuş ərazilərimizin bəzilərində olmamışdım. İlk dəfə bu yerlərdə olmaq məni sevindirdi. Media nümayəndələri və diplomatik korpus nümayəndələri ilə birlikdə baş tutan bu səfər məndə tamamilə fərqli təəssüratlar yaratdı. Həm gördüyüm gözəl mənzərələrdən qürur hissi duyurdum, həm də onu qonaqlara təqdim etmək, qonaqların xoş təəssüratlarını eşitmək və onlardan xəbər hazırlamaq çox gözəl bir hiss idi”.

Anewz-un nümayəndəsi Ayfra Mantho üçün isə bu səfər Qarabağa ilk səfər olmaqla yanaşı, ilk canlı reportaj təcrübəsi ilə də yadda qalıb:

Bu, Qarabağa ilk səfərim idi. İki günlük diplomatik səfər çərçivəsində bura gəlmişdim və əslində, bu, mənim ilk canlı reportajım idi. Ona görə də çox gözəl təcrübə oldu. Buradakı mənzərələr, təbiət, dağlar – hər şey möhtəşəmdir. Həmçinin müxtəlif ölkələrdən olan çoxsaylı diplomatlarla görüşmək imkanım oldu. Səudiyyə Ərəbistanının səfiri, Cənubi Qafqaz regionu üzrə Aİ nümayəndəsi, Ukraynanın səfiri və ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşdüm. Çox gözəl təcrübə idi. Düşünürəm ki, uzun müddət işğal altında olmuş və hazırda azad edilmiş bu torpaqlara gəlib onları öz gözlərimizlə görmək, bu mənzərələrdən zövq almaq bizim üçün böyük fürsətdir”.

İTV-nin müxbiri Rəqsanə Qasımzadə isə səfər zamanı Şuşada bir sıra tarixi və əhəmiyyətli məkanlara baş çəkildiyini vurğulayıb:

Sizinlə çalışdığımız bu iki gün ərzində bir çox yerlərə səfər etdik. Elə Şuşanın özündə səkkiz məkana baş çəkdik. Hamısı bir-birindən maraqlı və gözəl idi. Səfərin əhəmiyyətini həm mən, həm də burada iştirak edən xarici diplomatlar dilə gətirirlər. Həm bərpa işlərini görmək, həm tarixi simvollarla tanış olmaq və ümumilikdə, bütün bu gözəllikləri görmək üçün olduqca önəmli səfər idi”.

Baku TV-nin nümayəndəsi Loğman Kamranlı səfərin jurnalistlər üçün xarici diplomatların fikirlərini birbaşa öyrənmək baxımından əhəmiyyətli olduğunu qeyd edib:

Diplomatik korpusun nümayəndələri ilə Qarabağ və Şərqi Zəngəzura səfər çox fərqli və maraqlı bir təcrübədir. Bu səfər çərçivəsində biz diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə münasibətini çox aydın şəkildə sezə bildik. Paralel olaraq, Vətən müharibəsindən sonra Azərbaycanın dünya siyasətində özünəməxsus yer tutduğunu, xüsusən Qərb dövlətləri arasında dövlət başçısı İlham Əliyevə duyulan açıq rəğbəti müşahidə etdik. Ölkələrin diplomatik nümayəndələrinə sual ünvanlamaq və onların ağzından cavab almaq çox maraqlı oldu. Biz bu iki gün ərzində bu fürsəti maksimum dəyərləndirdik və onların sözlərini tamaşaçılara ötürməyə çalışdıq”.

ATV Xəbərin müxbiri Sənan Bəhrəmli isə səfərin hər dəfə Qarabağa gələn media nümayəndələri üçün belə yeni müşahidələr yaratdığını bildirib:

Bu səfər mənim üçün çox xoş oldu. Demək olar ki, yeni yerlər kəşf etdim. Mən Qarabağda tez-tez oluram, amma hər dəfə bura gələndə yeni bir şey kəşf edirəm. Burada bərpa-quruculuq işlərinin necə sürətlə getdiyinin şahidi oluram. Diplomatlarla söhbətlərimizdə də eşidirdik ki, onlar bura sonuncu dəfə səfər edəndə indi tam hazır vəziyyətdə olan infrastrukturun o vaxt təməlinin yenicə qoyulduğunu, işlərin sürətlə irəli aparıldığını deyirdilər. Qarabağın möhtəşəmliyi onları da heyran qoyub. Bir sözlə, hər şey möhtəşəmdir və mənim üçün xoş oldu”.

ARB24-ün xüsusi müxbiri Fidan Mədətova isə səfərin fərqli tərəfinin ərazini yalnız jurnalist kimi deyil, həm də xarici diplomatların baxışından müşahidə etmək imkanı yaratdığını deyib:

Biz media nümayəndələri olaraq mütəmadi olaraq Qarabağa səfər edirik. Bu dəfəki səfəri fərqləndirən cəhət ondan ibarət oldu ki, ərazini sadəcə jurnalist kimi yox, həm də diplomatik nümayəndələrin gözü ilə müşahidə etməyi bacardıq. Onların diqqət yetirdikləri məqamlar, gördükləri və reaksiya verdikləri məsələlər xüsusilə maraq doğurdu. Buna görə də bu səfər mənə həm yeni müşahidələr qazandırdı, həm də peşəkar bir təcrübə oldu”.

Beləliklə, iki günlük səfər Azərbaycan mediası üçün təkcə Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin işıqlandırılması baxımından deyil, həm də xarici diplomatların azad edilmiş ərazilərlə bağlı fikirlərinin, reaksiyalarının və müşahidələrinin birbaşa izlənilməsi baxımından əhəmiyyətli olub.

Media nümayəndələrinin fikirlərindən də göründüyü kimi, səfər jurnalistlər üçün yeni peşəkar təcrübə, fərqli müşahidələr və Qarabağın müxtəlif istiqamətlərini beynəlxalq auditoriyaya çatdırmaq baxımından əlavə imkanlar yaradıb.