Bu fotoları hər kəs ən az bir dəfə görüb

bu-fotolari-her-kes-en-az-bir-defe-gorub
Oxunma sayı: 1197

Dünyanın bir çox ölkəsində 12 iyul “Fotoqraflar Günü” kimi qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, bu gün obyektiv vasitəsilə tarixi hadisələri, mühüm anları, insan talelərini və dünyanın gözəlliyini yaddaşlara həkk edən fotoqraflara həsr edilib.

Bu tarixin seçilməsi ilə bağlı iki əsas versiya mövcuddur:

Bunlardan birinə görə, 12 iyul fotoqrafların himayədarı hesab olunan Müqəddəs Veronikanın anım gününə təsadüf edir.

Digər versiyaya əsasən isə bu tarix fotoqrafiyanı geniş kütlə üçün əlçatan edən Kodak şirkətinin banisi Corc İstmanın doğum günü ilə bağlıdır.

“Qafqazinfo” xarici KİV-ə istinadən bəşər tarixinin ən məşhur 10 fotosunu təqdim edir:

1. “Əfqan qızı” (Madonna, 1985)

Əfqanıstanlı Şərbət Gülanın Pakistandakı qaçqın düşərgəsində Stiv Makkari tərəfindən çəkilən portreti dünyanın ən məşhur fotolarından biridir. Yaşıl gözləri ilə tanınan bu kadr müharibənin insan talelərində buraxdığı dərin izləri göstərir.

2. “Müharibənin dəhşəti”, 1972

Bu foto Vyetnam müharibəsinin ən sarsıdıcı simvollarından biri hesab olunur. Kadrda napalm bombalarının atılmasından sonra alov içində qalan kənddən çılpaq halda qaçan 9 yaşlı Kim Fuk əks olunub. Hücum zamanı onun paltarları yanıb, özü isə ağır yanıq xəsarətləri almışdı.

3. Avraam Zapruderin “Kennediyə sui-qəsd”, 1963

Bu kadr ABŞ Prezidenti Con F. Kennedinin 22 noyabr 1963-cü ildə öldürüldüyü anı əks etdirən həvəskar videodan götürülmüş 313-cü kadrdır. Tarixə düşən bu görüntü sui-qəsdin araşdırılmasında əsas sübutlardan biri hesab olunur və dünyanın ən məşhur tarixi kadrları sırasında yer alır.

4. “Merilin Monro və ağ paltarı”, 1954

Bu foto 1954-cü ildə “The Seven Year Itch” filminin çəkilişləri zamanı lentə alınıb. Küçədəki metro havalandırmasından gələn hava Monronun ağ paltarını havaya qaldırıb və bu an dünya kinosunun ən məşhur görüntülərindən biri kimi tarixə düşüb. Bu foto Merilin Monronun həyat yoldaşı, məşhur beysbolçu Co DiMaccionun qısqanclığına səbəb olmuş, onların münasibətlərinin gərginləşməsində rol oynamışdı. Az sonra cütlük boşanmışdı.

5.“Eynşteyn dilini çıxarır”, 1951

Məşhur fizik Albert Eynşteynin 72-ci doğum günü münasibətilə çəkilən bu foto onun qeyri-adi xarakterini və yumor hissini əks etdirən ən məşhur portretlərdən biridir.

6.11 sentyabr terror aktı, ABŞ, 2001

Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə edilən terror hücumunu əks etdirən bu foto ABŞ tarixinin ən faciəli günlərindən birini əbədiləşdirib.

7. “Yanan rahib”, 1963

Fotoda buddist rahib Tiç Kuan Duk Cənubi Vyetnam hakimiyyətinin buddistlərə qarşı siyasətinə etiraz olaraq özünü yandırdığı an əks olunub. Bu kadr dünya ictimaiyyətində böyük rezonans doğurmuşdu.

8. “Aclıq çəkən uşaq və quzğun”, 1993

Sudanda aclıqdan əziyyət çəkən uşağın yaxınlığında gözləyən quzğunun əks olunduğu bu foto humanitar böhranın ən sarsıdıcı simvollarından biri hesab edilir və bütün dünyada geniş müzakirələrə səbəb olmuşdu.

9. Rassel Makfedranın “Münhen faciəsi”, 1972

Fotoda Münhen Yay Olimpiadası zamanı “Qara Sentyabr” terror qruplaşmasının üzvlərindən biri əks olunub. Həmin hücum nəticəsində İsrail nümayəndə heyətinin üzvləri girov götürülmüş və faciəvi hadisələr baş vermişdi.

10. “Varşava gettosu üsyanının yatırılması”,1943

İkinci Dünya müharibəsi illərində Varşava gettosunda yəhudi üsyanının nasistlər tərəfindən yatırılması zamanı çəkilən bu foto Holokostun ən sarsıdıcı simvollarından biri hesab edilir.

Fatimə Şahverdiyeva