Bu gizli görüntülər gündəm oldu - Video

bu-gizli-goruntuler-gundem-oldu
Oxunma sayı: 1047

Səudiyyə Ərəbistanında son illərdə aparılan islahat cəhdlərinə baxmayaraq, qadınlarla bağlı bir çox mövzu hələ də tabu olaraq qalır. Şəriət qanunları ilə idarə olunan ölkədə şərq rəqsi öyrənmək istəyən qadınlar çıxış yolunu gizli dərslərdə tapırlar.

“Qafqazinfo”AFP-yə istinadən xəbər verir ki, onlarla qadın paytaxt Ər-Riyadda yerləşən fitnes mərkəzində bir araya gələrək, ərəb musiqisi sədaları altında gizlicə rəqs edir və bu yolla ictimai təzyiqlərdən uzaq qalmağa çalışır.

İslahatlar tez-tez gündəmə gətirilsə də, Səudiyyə Ərəbistanında qadınların sosial həyatda iştirakçılığı hələ də ciddi məhdudiyyətlərlə üzləşir. Məhz bu səbəbdən şərq rəqsi öyrənmək istəyən qadınlar Ər-Riyadda qapalı qapılar arxasında gizli şəkildə dərslərə qatılmağa məcbur qalırlar.

Bu gizli dərslərdə iştirak edən qadınlar böyük həvəslə rəqs etsələr də, kimliklərinin açıqlanmasından ehtiyat edirlər. İştirakçılardan heç biri adının çəkilməsini istəmir, üzlər isə qəsdən kameralardan gizlədilir.

Son illərdə kinoteatrların açılması, konsertlərin təşkili və idman tədbirlərinin keçirilməsi kimi addımlarla sosial həyatda qismən dəyişikliklər müşahidə edilsə də, şərq rəqsi kimi qadın bədəninə birbaşa yönələn fəaliyyətlər cəmiyyətin geniş təbəqələri tərəfindən hələ də həssas və tabu mövzu hesab olunur. Bu səbəbdən qadınlar mümkün sosial təzyiq və təcrid qorxusu ilə bu cür fəaliyyətləri gizli şəkildə davam etdirməyə üstünlük verirlər.

İştirakçılardan biri bildirib ki, şərq rəqsi onun üçün yalnız idman növü deyil, eyni zamanda, azadlıq hissidir. Lakin o vurğulayır ki, bu azadlıq yalnız qapalı qapılar arxasında mümkündür:

“Burada özümüzü rahat hiss edirik, amma bunu çöldə yaşamaq hələ də mümkün deyil”.

Qadınlar üçün bu fitnes studiyaları mühakimə olunmadan sərbəst hərəkət edə bildikləri nadir məkanlardan biri sayılır. Bildirilir ki, dərslər zamanı qapılar bağlı saxlanılır, görüntülərin kənara sızmaması üçün xüsusi təhlükəsizlik tədbirləri görülür.

Mütəxəssislərin fikrincə, bu mənzərə islahatlara baxmayaraq, Səudiyyə Ərəbistanında qadınlara dair sosial məhdudiyyətlərin böyük ölçüdə qüvvədə qaldığını bir daha ortaya qoyur.

Qeyd edək ki, AFP-nin yaydığı görüntülər sosial şəbəkələrdə qısa müddətdə geniş yayılıb və müzakirələrə səbəb olub.