Bu gün Bakının 550 küçəsi yuyuldu - Fotolar

bu-gun-bakinin-550-kucesi-yuyuldu
Oxunma sayı: 724

Payız mövsümünün gəlişi ilə əlaqədar paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, sentyabrın 12-də şəhərdə növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası vasitəsilə bitki və canlılara zərər verməyən yuyucu vasitələrdən istifadə olunmaqla paytaxtın əsas küçə və prospektləri, eləcə də məhəllədaxili və ara yollar yuyulub.

Təmizlik işləri zamanı səkilər, bordürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət məkanlarındakı oturacaqlar yuyulub, həyət və yaşayış məhəllələrində səliqə-sahman işləri görülüb. Eyni zamanda, ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, onların ətraf ərazilərində abadlıq işləri aparılıb.

Mövsümlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən küçə və prospektlər boyunca ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağaclar yuyulub, qurumuş budaqlar budanıb.

Qabaqlayıcı tədbirlər çərçivəsində xəstə və qurumuş ağaclar götürülərək onların yerində Bakı iqliminə uyğun yeni ağacların əkilməsi davam etdirilib. Şəhərin park, bağ və digər yaşıllıq ərazilərində mövsümə uyğun rəngbərəng güllər əkilərək müxtəlif dekorativ kompozisiyalar yaradılıb.

Paytaxtın bütün rayonlarını əhatə edən təmizlik, abadlıq və yaşıllaşdırma tədbirləri bundan sonra da davam etdiriləcək.

***

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə və prospektləri bitki və canlılar üçün ziyansız yuyucu maddələrlə yuyulub.

İməclik zamanı istifadə edilən yuyucu maddələr xarici ölkələrdə də geniş istifadə edilir və heç bir təhlükəsi yoxdur.