“Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video

bu-gun-sabah-dogus-vaxtidir-amma-hekim-yoxdur
Oxunma sayı: 1721

Samuxda xəstəxanaya doğuş üçün gedən qadının həkim tapmadığı iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədələrdə yayılıb.

Qadının həyat yoldaşı, Çoban Abdallı kənd sakini Emin Mustafayev telefonla lentə aldığı videoda bildirib ki, iyulun 27-si ailə rayon xəstəxanasına doğuş üçün müraciət edib. Lakin xəstəxanada həkimin olmadığı, onların məzuniyyətdə olduğu deyilib. 

Onun sözlərinə görə, hətta xəstənin aparılması üçün təcili yardım maşını da verilməyib:

“Xəstəni sistemin altından çıxarıb arxa qapıdan yola salıblar. Özü də şəhid bacısıdır. Doğuşa qəbul etmirlər. Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur. Deməli, bu uşaq dünyaya gəlsə, ölməlidir”. 

Adıçəkilən şəxs yayımladığı digər videoda bildirib ki, sonradan həyat yoldaşını şəxsi təsərrüfat işləri üçün istifadə etdiyi motosiklet ilə Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya aparıb.

E. Mustafayevin sözlərinə görə, doğuş orada baş tutub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza belə cavab verildi:

“Sosial şəbəkələrdə Samux Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan görüntülərlə bağlı qeyd edirik ki, videoda hamilə qadının müayinəyə cəlb edilməməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir və tərəflər arasında müvəqqəti anlaşmazlıq yaranıb.

Sözügedən vətəndaş əvvəlcə Gəncə Perinatal Mərkəzində ultrasəs (USM) müayinəsindən keçib və ona baş gəlişi diaqnozu təyin edilib.  Daha sonra həmin vətəndaş Samux Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək həkim-cərrah-ginekoloq tərəfindən müayinə prosesinə cəlb edilib. Müayinə zamanı dölün köndələn vəziyyətdə olduğu müəyyən edilib. Qadının altıncı hamiləliyi olduğu üçün əməliyyat prosesinə hazırlıq görülüb. Vətəndaş əməliyyatdan imtina edərək öz razılığı və istəyilə Gəncə Perinatal Mərkəzinə müraciət edib. Yaranmış anlaşılmazlıq tam olaraq aradan qaldırılıb”.

Yunis Quliyev

Həmin görüntüləri təqdim edirik: