Bu gündən balıq ovu mövsümü başlayır

bu-gunden-baliq-ovu-movsumu-baslayir
Oxunma sayı: 164

Kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qoyulmuş moratoriumun müddəti başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, cari il sentyabrın 1-dən müəyyən edilmiş qaydalara uyğun olaraq balıq ovu müddəti açıq elan edilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovuna Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında tətbiq olunan moratorium sentyabrın 1-də başa çatır.

Qeyd edək ki, qüanunsuz balıq ovunun qarşısının alınması və su bioresurslarının mühafizəsinin təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri çərçivəsində balıq ovu qaydalarına əməl olunmasına, qanunsuz ov hallarının qarşısının alınmasına və su bioresurslarının qorunmasına diqqət yetirilir.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Dövlət qurumları balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri müəyyən edilmiş qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır.

Eyni zamanda, vətəndaşların su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları barədə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinə və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə məlumat vermələri xahiş olunur. Vətəndaşların bu istiqamətdə göstərəcəyi dəstək balıq ehtiyatlarının mühafizəsinə və qanunsuz ov hallarının qarşısının alınmasına töhfə verəcək.